Hindistanda hökumət “Google”dan yüzlərlə “Firebase” hesabını bağlamağı tələb edib.
Lent.az xəbər verir ki, kibercinayətkarlar platformadan istifadə edərək böyük bankların saxta sayt və tətbiqlərini hazırlayıb, istifadəçiləri aldadaraq onların maliyyə məlumatlarını ələ keçiriblər.
Hindistan Kibercinayətkarlıqla Mübarizə Koordinasiya Mərkəzi (I4C) avqust ayında “Firebase”də yerləşdirilən azı 57 sayt və məlumat bazasının bağlanmasını tələb edib.
Onların arasında “State Bank of India”, “ICICI Bank” və “Axis Bank” kimi bankları təqlid edən saxta səhifələr də olub.
Kibercinayətkarlar istifadəçiləri saxta bank tətbiqlərini yükləməyə yönləndirərək kart məlumatlarını və birdəfəlik şifrələri oğurlayıblar.
Hindistan hökumətinin məlumatına görə, ölkədə kiberdələduzluq nəticəsində 2025-ci ildə vətəndaşların itkiləri təxminən 2,4 milyard dollar təşkil edib.