"Beijing Humanoid Robot Half Marathon" yarışında mühüm bir texnoloji mərhələ qeydə alınıb.
Sherg.az xəbər verir ki, insansız robotlar yarı marafon üzrə dünya rekordunu yeniləyiblər.
Çinin paytaxtı Pekində keçirilən yarışda "Unitree G1" adlı robot 21,1 kilometrlik məsafəni 50 dəqiqə 26 saniyəyə qət edərək birinci olub. Bu nəticə ilə robotlar həm kişi, həm də qadınlar üzrə mövcud insan dünya rekordlarını xeyli qabaqlayıblar.
Eyni modeldən olan digər iki robot isə müvafiq olaraq 50 dəqiqə 56 saniyə və 53 dəqiqə 1 saniyə nəticə göstərərək podiumun digər pillələrində qərarlaşıb. Bu göstəricilərlə robotlar Uqandalı atlet Jacob Kiplimo-nun 57 dəqiqə 20 saniyəlik və "Efiopiyalı Letesenbet Gidey"nin 1 saat 2 dəqiqə 52 saniyəlik rekordlarını geridə qoyublar.
Yarışda ümumilikdə 105 robot iştirak edib. Onlar texnologiya şirkətləri, universitetlər və tədqiqat institutları tərəfindən təqdim olunub. Robotlar arasında həm otonom sistemlərdən, həm də uzaqdan idarəetmə texnologiyalarından istifadə olunub.
Məlumata görə, qalib robot elit idmançıların hərəkət mexanikasını təqlid etmək üçün 90-95 sm uzunluğunda ayaqlara və smartfonlarda istifadə olunan maye soyutma texnologiyasına malikdir.
Keçən il keçirilən ilk yarışda robotların əksəriyyəti tarazlıq və hərəkət problemləri yaşasa da, bu il həm sürət, həm də koordinasiya baxımından ciddi inkişaf qeydə alınıb.
Mütəxəssislər hesab edirlər ki, robotlar gələcəkdə fövqəladə xilasetmə əməliyyatlarından tutmuş sənaye istehsalına, zəhərli mühitlərdə işləməyə və hətta yaşlılara qulluq kimi sahələrə qədər geniş istifadə oluna bilər.