- Uşaqların rəqəmsal təhlükəsizliyi üçün mühüm addım atıldı
Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə informasiya təhlükəsizliyi məsələsi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Xüsusilə təhsil mühitində kibertəhlükəsizlik biliklərinin artırılması və təhlükəsiz rəqəmsal davranış bacarıqlarının formalaşdırılması aktual məsələlərdən birinə çevrilib.
Bu istiqamətdə maarifləndirmə və tədris resurslarının hazırlanması məqsədilə “İnformasiya Təhlükəsizliyi” adlı elmi-metodiki tədris vəsaiti nəşr olunub.
Tədris vəsaitinin həmmüəllifi, İKT mütəxəssisi Bəhruz Əliyev Sherg.az-a danışıb:

"Böyük məmnuniyyətlə bildirirəm ki, “İnformasiya Təhlükəsizliyi” adlı elmi-metodiki tədris vəsaitinin həmmüəlliflərindən biriyəm.
Müasir dövrdə informasiya təhlükəsizliyi yalnız texnoloji məsələ deyil, həm də cəmiyyətin və rəqəmsal dünyanın ən mühüm prioritetlərindən biridir. Bu sahədə biliklərin sistemləşdirilməsi, öyrənilməsi və gələcəyə ötürülməsi xüsusi əhəmiyyət daşıyır.
Bu vəsaitin hazırlanmasında iştirak etmək, bilik və araşdırmalarımızı bir araya gətirərək tədris prosesinə töhfə vermək mənim üçün həm məsuliyyətli, həm də qürurverici bir təcrübədir.
Ümid edirəm ki, ərsəyə gətirdiyimiz bu dərs vəsaiti informasiya təhlükəsizliyi sahəsinə maraq göstərən hər kəs üçün faydalı bilik mənbəyi olacaq.
Bu tədris vəsaiti ümumi təhsil müəssisələrinin müəllimlərinin hazırlığı və şagirdlərin təhlükəsiz rəqəmsal davranış bacarıqlarının inkişafına dəstək məqsədilə hazırlanıb. “İnformatika müəllimlərinin və şagirdlərin informasiya təhlükəsizliyi üzrə inkişaf proqramı”layihəsi çərçivəsində informatika müəllimləri üçün tədris resursu olaraq ərsəyə gətirilib".
İKT mütəxəssisi bildirib ki, vəsait Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris (çap və onlayn) vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində hazırlanıb:
"Layihəni Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası həyata keçirib. Kitabın təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetində baş tutub.
Vəsait informatika müəllimlərinin informasiya təhlükəsizliyi üzrə biliklərini möhkəmləndirmək və bu biliklərin məktəb mühitində tədrisinə dəstək vermək üçün hazırlanıb. Səkkiz modulda kibertəhlükəsizliyin əsasları, kiberhücumlar, məlumatların, məxfiliyin qorunması, təşkilati təhlükəsizlik, təhsil, karyera, rəqəmsal etika, onlayn münasibətlər və insidentlərə ilkin reaksiya mövzuları birləşdirilir. İzahlar, nümunələr, müzakirə və özünü yoxlama sualları mövzuların öyrənilməsinə və dərsdə tətbiqinə kömək edir.
Bu dəyərli işdə əməyi olan hər kəsə təşəkkür edir, yeni nəşrimizin oxuculara faydalı olmasını arzulayıram! Bilik paylaşdıqca dəyər qazanır, kitablaşanda isə gələcəyə iz qoyur".