Süni intellekt kosmosa yerləşdirilir: "Google" ilk peykini buraxacaq

"Google" şirkəti kosmosda süni intellekt infrastrukturunun yaradılması üzrə "Suncatcher" layihəsi çərçivəsində TPU prosessorlarının səmərəliliyini qiymətləndirmək üçün ilk sınaq peykini orbitə çıxaracaq.

Oxu.Az bu barədə şirkətin saytına istinadən xəbər verir.

"Çoxillik tədqiqatlardan sonra "Suncatcher" layihəsi orbitdə ilk sınağına hazırlaşır. Kosmosda "Google Tensor Processing Units" prosessorlarının məhsuldarlığını qiymətləndirmək üçün peyk prototipi buraxılacaq", - deyə şirkətin məlumatında qeyd olunur.

Layihənin əsas məqsədi süni intellekt infrastrukturu ilə təchiz edilmiş peykləri Yerətrafı orbitə çıxarmaqdır. Şirkətin ilkin hesablamalarına görə, bu peyklər Yer səthindəki sistemlərlə müqayisədə səkkiz dəfə çox enerji istehsal edə biləcək.

TPU-nun ilk buraxılışı 2026-cı il oktyabrın 1-də "Planet" şirkətinin "SpaceX" ilə birgə hazırladığı "Transporter-18" kosmik missiyası çərçivəsində həyata keçiriləcək.