15-20 faiz bahalaşma: Elektromobillər birdən-birə əlçatmaz oldu - İqtisadçıdan İZAH

Ekoloji nəqliyyata yox, antik avtomobillərə "yaşıl işıq" yandırıldı

"Qərar bazarda durğunluq yaradıb. Bu siyasət qiymətləri artırır, marağı öldürür”

Bu ilin yanvar-mart aylarında Azərbaycan 339 milyon 631.37 dollar dəyərində 15 min 351 ədəd avtomobil idxal edib. Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 33.07%, dəyər ifadəsində isə 15.15% azdır.

Ölkəyə gətirilən avtomobillərin 13 min 359 ədədi minik avtomobilləri olub ( 251 milyon 915.81 min dollar). Bundan 299 ədədi (7 milyon 898.09 min dollar) yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir ki, bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 30.14% azdır. 

Ölkəyə avtomobil idxalı niyə azalıb? 

İqtisadçı Natiq Cəfərli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu, gözlənilən idi:

- Çünki ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən vergi və gömrük güzəştləri 2026-cı il 1 yanvar tarixindən etibarən ləğv edildi. Daha dəqiq desək, elektrikli, hibrid atomobllərin ölkəyə idxalına tətbiq edilən vergi və gömrük güzəştlərinin müddəti başa çatdı, amma müddət uzadılmadı. Halbuki 2019-cu ildən idxal olunan elektrik avtomobillər, 2022-ci ildən isə hibrid avtomobillər ƏDV-dən azad edilməklə bunun ölkədə ekoloji təmiz elektrik və hibrid avtomobillərə marağı artıracağı və avtomobil parkının yenilənməsinə müsbət təsir edəcəi bildirilirdi. Amma Nazirlər Kabineti tərəfindən Milli Məclisə Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" Qanuna dəyişikliklə bağlı layihə təqdim olundu. Layihəyə əsasən, raritet (retro, nadir avtomobillər) avtonəqliyyat vasitələrinin, eləcə də idxal edilən əntiq əşyalar, incəsənət əsərləri, kolleksiyaların idxalı 18 faiz əlavə dəyər vergisindən (ƏDV), aksizdən və gömrük rüsumundan azad edilməsiylə bağlı dəyişiklik qəbul edildi. Halbuki raritet avotomobillər və əntiq əşyalara tələbatın az, hubrid və elektromobillərə isə tələbatın çox olduğu vaxtda ikincilərə vergi və gömrük güzəştlərinin davam etməsi daha məqsədəuyğun olardı. Amma vergi güzəştləri ləğv edildi, sahibkarlara da elektrikli avtomobillər idxal etmək sərfəli deyil. 

N.Cəfərli bildirdi ki, elektromobillərin və hibrid avtomobillərin idxalına güzəştlərin ləğvi avtomobil bazarında qiymətlərin artmasına səbəb olub:

- Qiymətlər 15-20 faiz arası bahalaşıb. Bu da kifayət qədər ciddi suallar doğurur. Əgər hibrid avtomobillər və elektromobillər ekologiyaya daha az ziyan vurursa, daha təhlükəsizdirsə, Azərbaycanın ümumən avtopark köhnədirsə, biz ancaq paytaxtı görürük, amma regionlarda da avtoparklar çox köhnədir, sovetdənqalma avtomobillərdir. Ümumiyyətlə ölkənn tamamını götürsək, 60 faizi 20 yaş və daha qoca avtomobillərdir. Ekologiyaya daha az ziyan vuran və daha təhlükəsiz avtomobillərin gətirilməsi üçün təşviq proqramlarına ehtiyac var. Təəssüf ki, bu təşviq proqramlarınının müddəti bu il uzadılmadı, bu da yerli avtomobil bazarında qiymətlərin bahalaşmasına səbəb oldu, bahalaşma olanda isə təbii ki maraq da azalır, idxal da azalır, bazarda da durğunluq yaranır.