“Dilin gözəlliyi söyüşlərdə də yaşayır” - Qəşəm Nəcəfzadə nağıl qalmaqalına münasibət bildirdi

“Nağıllar və qaravəllilər” kitabı tənqid edilir. İçindəki mətnlərdə yer alan bəzi ifadələrə görə. Sosial şəbəkədə bu kitabla bağlı paylaşım edən xanım bildirir ki, mətnlərdə “oynaş”, “lotu”, “baldızı kişiyə sırımaq”, “dağa 3 xiyara aşıq olmaq” (!?.) kimi qeyri-etik ifadələr yer alıb. “Mən bunu uşağa necə oxuyum?”, deyə etiraz edir qadın.

Bu, kitabla bağlı tək etiraz deyil. Sosial şəbəkələrdə bu cür etirazlar, tənqidlər bir neçə dəfə səslənib. Həmin kitab “Qanun” Nəşriyyatında çap olunub. Bəlkə də mətnlərə baxılmayıb, yaxud baxılmasına ehtiyac duymayıb nəşriyyat rəhbərliyi. “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Oxu.az-a açıqlamasında tənqidlərə münasibət bildirib və həmin ifadələrin nağılda yer almasını da təbii hesab etdiyini deyib: “Bu kitab ilk dəfə Sovet dövründə çıxıb, "Qanun" tərəfindən təkrar nəşr olunub. Nağılların hamısı "ütülü" deyil. Azərbaycan nağıllarında senzuraya səbəb olacaq söz çoxdur. Nağıllar gündəlik həyatın yazıya alınmış formasıdır. Buna görə də burada hər hansı bir ifadələrin işlənməsi təbiidir. Mətnlər real həyatı əks etdirir. Biz uşaqlarımızı balonun içində böyütmürük, real həyata hazırlayırıq”. 

Nağıllarımızda uşaqların yaşına uyğun olmayan ifadələrin, jarqonların, “lotu” dilinin işlənməsi normaldırmı? 

 Şair, yazıçı, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü və birliyin "Uşaq ədəbiyyatı" şöbəsinin rəhbəri Qəşəm Nəcəfzadə Sherg.az-a açıqlamasında həmin nağıl kitabı barədə məlumatlı olduğunu dedi: 

- Hamısından xəbərdaram. Amma tam səmimi mövqeyimi bildirmək istəyirəm. Mən orta məktəbdə oxuyanda, 6-cı sinifdə olardım, müəllimimiz bizə dedi ki, kitabxanada “Dekameron” kitabı var. Nə badə onu oxuyasınız ha! Müəllim bunu deyən kimi mən gedib “Dekameron”u tapdım və oxudum. Çünki insan qadağa qoyulanlara can atır, ona marağı daha da artır. Sonra müəllimimiz dedi ki, “Min bir gecə nağlları”nı oxumayın. Mən, təbii ki, onu da oxudum. Amma mənim tərbiyəm, əxlaqım pozulmadı. Bəzən insan pis bir hadisə ilə qarşılaşır, gördüklərindən özü üçün müsbət nəticə çıxarır. Yəni müsbətdən müsbət nəticə çıxarmaq mümkün olduğu kimi, mənfidən də müsbət nəticə çıxarmaq mümkündür. Bu, bir məsələ. İkinci bir tərəfdən, Karl Marksın belə bir fikri var: «Əgər dilin gözəlliyini bilmək istəyirsinizsə, axşamüstü bazara gedin, arvadların bir-birini söyməsinə qulaq asın. Dilin gözəlliyi oradadır». Azərbaycan dilinin gözəlliyi onun alqışlarında, qarğışlarında, xalq danışıq dilindədir. Dil məhz orada yaşayır və inkişaf edir. 

Q.Nəcəfzadə bildirdi ki, həmin kitab dərslik deyil. Dərslik olsaydı, başqa cür yanaşılardı: 

- Əlbəttə, söhbət müəyyən sözlərin dərsliklərə daxil edilməsindən gedirsə, burada məsələyə fərqli yanaşmaq lazımdır. Hər bir söz dərslik üçün nəzərdə tutulmur. Əgər biz dili bu qədər məhdudlaşdırsaq və hər sözü süzgəcdən keçirsək, nəticədə dilin inkişafına mane ola, hətta onun tədricən yoxsullaşmasına səbəb ola bilərik. Məsələn, dilimizdə «oynaş» kimi sözlər, eləcə də müxtəlif ifadələr var. Bunlar da Azərbaycan dilinin leksik tərkibinə daxildir. Yəni dilimizdə mövcuddur. Bu gün nağıllarda, qaravəllilərdə də belə sözlərə rast gəlirik. Onların mövcudluğunu inkar edə bilmərik. Amma məsələ dərsliklərə gəldikdə, mən də sizinlə razıyam: belə mətnlərə ciddi nəzarət olunmalıdır. Uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalı, onların psixoloji və mənəvi inkişafına mənfi təsir göstərə biləcək məqamlar diqqətlə qiymətləndirilməlidir. Amma axı bunlar bizim nağıllarımızdır. Onlarda söyüşlər də var, qarğışlar da. Bu ifadələrin xalq ədəbiyyatında işlənməsi təbiidir. Lakin hər bir nağılın bütün məzmununu olduğu kimi uşaqlara təqdim etmək də düzgün deyil. Məsələn, «Məlikməmmədin nağılı»nın vaxtilə dərsliklərə salındığını xatırlayıram. İndi bilmirəm, hələ də dərsliklərdə varmı, yoxmu. Orada qardaşların bir-birinin kəndirini kəsməsi kimi bir hadisə təsvir olunur. Bu, uşaqlarda ciddi aqressiya və qorxu yarada bilər. Həmin nağılı dərslikdə oxuyan uşaq öz qardaşlarından şübhələnə, onların arasında konflikt yarana bilər. Buna görə də belə mətnlər diqqətlə təhlil edilməli, uşaqların yaşına və psixoloji durumuna uyğunlaşdırılmalıdır. Yaxud Cırtdan obrazını götürək. Mən həmişə demişəm ki, Cırtdan uşaqlar üçün ideal və sevimli obraz kimi təqdim edilməməlidir. Uşaqların ona bənzəməyə çalışması arzuolunan deyil. Çünki bu obrazın davranışlarında mənfi xüsusiyyətlər var: yalançılıq, riyakarlıq, hiyləgərlik, rüşvətxorluq... və başqa arzuolunmaz cəhətlər. Biz isə Cırtdanı nağıl dünyamızda uşaqların sevdiyi tipik qəhrəmanlardan birinə çevirmişik. Bu məsələyə də yenidən baxmaq lazımdır.

Amma bir daha vurğulayıram; Azərbaycan dilini bu qədər qorumağa çalışmaqla onu məhdudlaşdırsaq, nəticədə dilin inkişafına mane olacağıq. Mənə elə gəlir ki, həmin kitab da məhz dərslik üçün nəzərdə tutulmayıb. O, dərslik deyil və dərs vəsaiti kimi təqdim olunmur. Təbii ki, Azərbaycan dilində belə ifadələrə rast gəlmək mümkündür. Əsas məsələ onların hansı kontekstdə və hansı məqsədlə işlədilməsidir.

Q.Nəcəfzadə qeyd etdi ki, dərsliklərimizin vəziyyəti onsuz da ürəkaçan deyil, kifayət qədər nöqsanlar, qüsurlar var. Bu isə artıq başqa mövzudur. 

Məlahət Rzayeva

P.S.

Orta məktəblərdə şagirdlərin iştirakı ilə baş verən kriminal hadisələr nağıllarda senzuradan “keçən” “lotu” sözündən qaynaqlanmış olmasın?!. Biz elə bilirdik yeniyetmələr kriminal məzmunlu fimlərə baxıb “lotuluq” edir, amma məlum olur ki, uşaq yaşlarından bəzi nağıllar vasitəsiylə uşaqların şüuraltına “lotu” kəlməsi yerləşdirilir. “Lotu”lar haqqında nağıla qulaq asan uşaq lotu olar da!