“Rusiyanın kuklası olan bu zat hər zaman Azərbaycan dövlətinə xəyanəti ilə anılacaq və heç zaman bağışlanmayacaq"
Ötən gün sabiq baş nazir Surət Hüseynov İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. Məlum olub ki, S.Hüseynov iyulun 31-də səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib, lakin bütün müdaxilələrə baxmayaraq vəfat edib. S.Hüseynov əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, ordan isə Medipol Mega Universitetinin xəstəxanasına aparılıb.
Bildirilib ki, S.Hüseynovun ilk müayinədə huşu, təbii tənəffüsü və ürək döyüntüsü olmayıb. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib və lazımi tibbi müalicələr aparılıb. Lakin mədəsində deşilmə yaranıb və bu səbəbdən başlayan qanaxma nəticəsində həyatını itirib. Sonra nəşi tibbi ekspertizaya göndərilib. 64 yaşlı eks baş nazir Gəncə şəhərində 4 saylı qəbiristanlıqda ata və anasının məzarı yanında dəfn olunub.
S.Hüseynovun köməkçisi Könül Rafiqqızı onun tədricən zəhərləndiyini iddia edib. Köməkçisinin sözlərinə görə, keçmiş baş nazirin heç bir xəstəliyi olmayıb, amma bir il öncə Türkiyədə “taqətdən düşəcək qədər zəifləməyə” başlayıb:
"Bir il əvvəl Surət Hüseynov müayinə olunmaq üçün Türkiyədə bir xəstəxanaya müraciət edib. Ona öd kisəsində daş olduğu deyilib, buna inanmadığı üçün o, başqa xəstəxanaya müraciət edib və əvvəlki diaqnoz burada təsdiqlənməyib. Türkiyədə müalicəni dayandırandan sonra tədricən səhhəti qaydasına düşsə də, tam sağala bilməyib. Bizə məlum olmayan səbəbdən 1 il ərzində zəiflədi və şam kimi əridi. İstər Türkiyədə, istərsə də Rusiyada analizlər heç bir ölumcül xəstəlik üzə çıxarmadı. Mən onun qidayla ardıcıl zəhərləndiyi düşüncəsindəyəm”.
O, əlavə edib ki, Surət Hüseynov Azərbaycana qayıdaraq siyasi fəaliyyətə başlamağa qərar veribmiş. Rusiyalı politoloq Sergey Markov sabiq baş nazirin ölümü üzərinə "Azərbaycanın Priqojini öldü" başlıqlı məqalə yazıb. Analitik məqaləsində qeyd edib ki, S.Hüseynovun ulduzu 1993-cü ildə parlayıb: "O zaman Azərbaycanda hakimiyyətdə qeyri-peşəkarlar var idi.
Onlar Qarabağ uğrunda müharibəni Ermənistana uduzdular. Daha sonra polkovnik Hüseynov 1993-cü ilin iyununda Gəncədə üsyan qaldıraraq Bakıya qoşun yeritdi və AXC hökumətini devirdi. Heydər Əliyev respublikanın başçısı oldu. S.Hüseynov isə baş nazir. Bir ildən sonra o anladı ki, bütün real hakimiyyət təcrübəli Heydər Əliyevin əlindədir. Onda S.Hüseynov 1994-cü ilin oktyabrında qiyam qaldırdı və uduzdu. Rusiyaya qaçdı, ancaq Rusiya onu Azərbaycana təhvil verdi. Məhkəmə və sonra həbsxana. Bir neçə il sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv edildi. Heydər Əliyev və İlham Əliyev görkəmli dövlət xadimi olmağı bacardılar. Amma Hüseynov artıq bütün bunları televizorda izlədi. Yəqin ki, çox xəyal edib ki, nə vaxtsa onun taleyindən bəhs edən film çəkiləcək".
AXC hökumətinin sabiq baş naziri Pənah Hüseyn də Surət Hüseynovun ölümündən sonra onunla bağlı sosial şəbəkədə fikirlərini bəyan edib:
"Surət Hüseynov vəfat edib. Mənim Surət Hüseynovla münasibətim istər şəxsi, istərsə də siyasi mənada düşmən münasibəti olub, münasibətim düşmənə münasibət olub və elə də qalır. İbrət çıxara bilənlər ibrət çıxarsın".
Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə düşüncələrini bu cür bəyan edib:
"Milli Qvardiyanın Komandanı Tahir Məmmədov və 19 əsgərinin qətlinə görə cəzasını almadan getdi. Rusiyanın kuklası olan bu zat hər zaman Azərbaycan dövlətinə xəyanəti ilə anılacaq və heç zaman bağışlanmayacaq".