XİN: Qara dənizdə vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəminin vurulmasına münasibət bildirərkən deyib.

“Aldığımız məlumata əsasən, 13 nəfərdən ibarət gəmi heyətində olan 3 nəfər vətəndaşımızın hamısı xilas edilib, onlardan yüngül xəsarət alan 1992-ci il təvəllüdlü Rufan Xaliq oğlu Əhmədov tibbi müayinədən keçib və mehmanxanaya yerləşdirilib”, - XİN rəsmisi bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycanın Rumıniyadakı səfirliyi və aidiyyəti səlahiyyətli qurumlar ilə birgə koordinasiya işləri aparılır. Azərbaycan vətəndaşlarına konsulluq dəstəyinin göstərilməsi istiqamətində zəruri tədbirlər görülür.

“Bir daha Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların getdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, bu ərazilərdə, habelə riskli marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, xüsusilə Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırırıq”, - Ayxan Hacızadə qeyd edib.