“Tramp marşrutu”nda əsas güc ABŞ olacaq - POLİTOLOQ

  • ABŞ bundan sonra da Azərbaycan və Ermənistana dəstək verəcək

ABŞ Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon ABŞ dolları dəyərində nəqliyyat və xüsusi avadanlıq təhvil verib. Bu barədə Ermənistan mediası ABŞ-nin Ermənistandakı səfirliyinə istinadən məlumat yayıb. Təhvil-təslim ABŞ Dövlət Departamentinin ixrac nəzarəti və sərhəd təhlükəsizliyi (EXBS) proqramı çərçivəsində həyata keçirilib.

Qeyd olunub ki, texnika və avadanlıq Ermənistanın Sərhəd Xidmətinin modernləşdirilməsinə, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə, eləcə də insanların və malların təhlükəsiz hərəkətinin yaxşılaşdırılmasına kömək etməlidir. Bu dəstək ABŞ-nin Ermənistanın sərhədlərinin idarə olunması potensialının gücləndirilməsinə və regional qarşılıqlı əlaqələrin, o cümlədən "Tramp marşrutu" çərçivəsində təşviqinə sadiqliyini əks etdirir.

Politoloq Abutalıb Səmədov Sherg.az-a bildirib ki, ABŞ Cənubi Qafqazda, xüsusilə İranla həmsərhəd ölkələrdə öz nüfuzunu artırmaq üçün ardıcıl addımlar atır. Cənubi Qafqazın Vaşinqton üçün strateji baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayan politoloq hazırda 1,4 milyon dolların böyük məbləğ olmadığını deyib: 

“Ermənistanın Sərhəd Qoşunlarına 1,4 milyon dollarlıq texnikanın verilməsi böyük həcmli yardım olmasa da, simvolik məna daşıyır və ABŞ-nin regionla bağlı niyyətlərini göstərir. İndiyədək həm Azərbaycana, həm də Ermənistana daha böyük həcmdə hərbi və texniki yardımlar göstərilib. Bu dəstək, ilk növbədə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, Xəzər dənizində müvafiq fəaliyyətlərin həyata keçirilməsi və mövcud texnikanın yenilənməsi məqsədi daşıyır. Şübhə yoxdur ki, ABŞ bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək və həm Azərbaycana, həm də Ermənistana müxtəlif formalarda dəstək göstərəcək”.

A. Səmədov bildirib ki, “Tramp marşrutu” üzrə işlərin daha əvvəl başlanması nəzərdə tutulsa da, hazırda müəyyən ləngimələr müşahidə olunur. Onun sözlərinə görə, bu prosesdə ABŞ əsas güc kimi çıxış edir: “Marşrut üzərində nəzarət mexanizminin necə təşkil olunacağı hələ dəqiqləşməyib. Lakin şübhə yoxdur ki, ABŞ bu prosesdə mühüm rol oynayacaq. Çox güman ki, nəzarət mexanizmi Ermənistanla əməkdaşlıq çərçivəsində formalaşdırılacaq. ABŞ-nin Cənubi Qafqazda nüfuzunun artması həm Azərbaycan, həm də Ermənistan üçün mühüm əhəmiyyət daşıyır. Çünki Rusiyanın regiondakı təsirini azaltmaq və mövqelərini zəiflətmək üçün ABŞ və Çinin bölgədə daha fəal iştirakına ehtiyac var. Bu baxımdan, region dövlətlərinin müstəqilliyinin möhkəmləndirilməsi üçün ciddi dəstək və investisiyalar vacibdir. Vaşinqtonun Cənubi Qafqazda rolunun artması Azərbaycan və Ermənistanın müstəqil siyasət yürütmək imkanlarının genişlənməsinə töhfə verə bilər.

Ümid edək ki, “Tramp marşrutu” ilə bağlı bundan sonra ləngimələr yaşanmayacaq və layihə qısa müddətdə fəaliyyətə başlayacaq. Bu, Azərbaycan ərazisindən daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına, eyni zamanda həm Azərbaycan, həm də Ermənistan üçün əlavə iqtisadi gəlirlərin yaranmasına şərait yaradacaq”.