ABŞ-nin “F-16” qərarı reallaşmaq üzrədir

Vaşinqton Ankaranın müdafiə ehtiyaclarını qarşılamaq mövzusunda maraqlıdır
  ABŞ Konqresinin Nümayəndələr Palatasının Türkiyəyə “F-16”-ların satışını məhdudlaşdıran maddələri müdafiə büdcəsi qanun layihəsindən tamamilə çıxarıb. Konqresin hər iki palatasının Silahlı Qüvvələr üzrə Komitələri 2023-cü maliyyə ili üçün 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar. Qanun layihəsinin son variantında yunan lobbisinə yaxınlıqları ilə tanınan 18 nümayəndə tərəfindən təqdim edilən Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran heç bir bənd yer almayıb. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib ki, Vaşinqton Türkiyəyə “F-16”lar tədarük etməkdə maraqlıdır: "Türkiyə bizim NATO-da önəmli müttəfiqlərimizdən biridir. Həmçinin təhlükəsizliklə bağlı əsas tərəfdaşlarımızdandır. ABŞ Türkiyənin müdafiə ehtiyaclarını qarşılamaq mövzusunda maraqlıdır”. Amerika rəsmisi, həmçinin Türkiyənin terror təhdidinə qarşı mübarizəsinə də toxunub: “Heç bir NATO ölkəsi öz ərazilərində Türkiyə qədər terror təhdidinə məruz qalmayıb. Bu təhdidlə mübarizə üçün lazım olanları təmin etmək bizim üçün də əhəmiyyət kəsb edir”. 
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bu addımı təqdir etdiklərini açıqlayıb.
  Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Şərq"ə bildirib ki, Türkiyənin Yaxın-Orta Şərqdə artan nüfuzu, mövqeyinin güclənməsi ABŞ-dən də çox yaxşı görünür. Professorun sözlərinə görə, Türkiyə təkcə türk dünyasının deyil, həm də islam aləminin aparıcı gücünə çevrilib: "Nüvə silahına sahib yeganə ölkə Pakistan da Türkiyənin yanında yer alıb. Amerika anlayır ki, güclənən Türkiyə ilə tərs düşmək Ağ Evin ziyanınadır. Qərb ölkələri ilə Türkiyənin arasını vurmağa çalışanlar, sadəcə, yunan lobbisi yox, həm də erməni lobbisidir. Ancaq 44 günlük müharibədən və sonrakı proseslərdən sonra ABŞ-də erməni lobbisinin təsir imkanları xeyli zəifləyib. Təbii ki, bu məsələdə Amerikanın regionla, ələlxüsus Cənubi Qafqazla bağlı siyasəti də mühüm rol oynayır. ABŞ uzaqgörən siyasət həyata keçirir, çünki onların hərbi təhlükəsizlik konsepsiyasında Türkiyə və Azərbaycan çox önəmli rola sahibdir. Ağ Ev Türkiyə hökumətinin Ukrayna ilə bağlı gördüyü işləri, taxıl sazişində əhəmiyyətli rolunu, Rusiyanın hərbi gəmilərinə embarqo qoymasını diqqətdən kənarda qoya bilməz. Ona görə də Vaşinqtonun Türkiyə ilə bağlı siyasətində dəyişiklik baş verir. "F-16"-ların yenidən Türkiyəyə satılması qərarı Ankara hökumətinin uğurudur. Eyni zamanda ABŞ-nin Yaxın Şərq siyasətinin tərkib hissəsidir. Amerika Rusiyadan fərqli olaraq öz maraqlarına daha çox diqqət yetirir. ABŞ-nin İranla bağlı layihələrində də kilid dövlət Türkiyədir".