- Birincisi, bank və maliyyə sektoruna məhdudiyyətlərdir
İsrailin Baş naziri Benyamin Netanyahu ölkə iqtisadiyyatını və bank sektorunu mümkün sərt beynəlxalq sanksiyalara hazırlamağın vacibliyini bəyan edib. Netanyahu bildirib ki, İsrail ABŞ-ın müdafiə sahəsinə ayırdığı maliyyə yardımının dayandırılması ehtimalını da nəzərə almalıdır. Onun sözlərinə görə, Amerika tərəfindən ayrılan on milyardlarla dollarlıq yardımın əbədi davam edəcəyini gözləmək olmaz:
“On milyardlarla dollar Amerika yardımı müdafiə büdcəsinə sonsuza qədər daxil olmayacaq. Çünki Amerika dəyişib. İsrail dəyişdiyi üçün deyil. Bunun sonu gələcək, bu, zaman məsələsidir”. Netanyahu mümkün bank sanksiyalarının İsrail iqtisadiyyatına təsirindən də narahatlığını ifadə edib. O, belə məhdudiyyətlərin qarşısını almaq üçün alternativ iqtisadi mexanizmlərin hazırlanmasının zəruriliyini qeyd edib.
Baş nazirin sözlərinə görə, İsrail bank məhdudiyyətlərini yan keçməyə imkan verə biləcək alternativ valyutaları və blokçeyn əsaslı kriptovalyutaları nəzərdən keçirir. Netanyahu bu istiqamətdə müvafiq planın hazırlanması barədə göstəriş verdiyini də açıqlayıb.
Maraqlıdır, İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilər?
Sherg.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov İsrailə iqtisadi sanksiyaların tətbiqinin həm hüquqi, həm də siyasi baxımdan mümkün olduğunu deyib. İqtisadçı hesab edir ki, İsrailin ABŞ ilə strateji müttəfiqliyi, beynəlxalq siyasi və iqtisadi təsir imkanları, eləcə də Qərb ölkələri ilə sıx əlaqələri genişmiqyaslı və əlaqələndirilmiş sanksiyaların tətbiqini çətinləşdirir:
“Amma Avropa ölkələrində İsrailə münasibətdə siyasi mövqelərin dəyişməsi və beynəlxalq təzyiqlərin artması ayrı-ayrı dövlətlər və iqtisadi birliklər səviyyəsində məhdudiyyətlərin tətbiqi ehtimalının heç də sıfır olmadığını göstərir. Yaxşı, tutaqkı, bu real oldu, o zaman bu ölkəyə qarşı hansı iqtisadi sanksiyalar tətbiq oluna bilər?
Nəzəri olaraq, bu sanksiyaları əsasən 5 istiqamətdə mümkündür.
Birincisi, bank və maliyyə sektoruna məhdudiyyətlərdir. İsrail banklarının beynəlxalq hesablaşmalarının məhdudlaşdırılması, xarici aktivlərinin dondurulması və valyuta əməliyyatlarına qadağalar kapital axınını zəiflədə, milli valyutaya təzyiq yarada bilər.
İkincisi, xarici ticarətə sanksiyalardır. Əlavə gömrük rüsumları, idxal və ixrac məhdudiyyətləri, ticarət güzəştlərinin ləğvi İsrailin ixrac gəlirlərini azalda və istehsal xərclərini artıra bilər”.
İqtisadçı qeyd edib ki, sanksiya istiqaməti investisiya və texnologiya sektoru ola bilər. Xarici investisiyaların, texnologiya transferinin və beynəlxalq innovasiya əməkdaşlığının məhdudlaşdırılması iqtisadi artımı zəiflədə bilər: “Hərbi və maliyyə dəstəyinin məhdudlaşdırılması. ABŞ-ın hərbi yardımının azaldılması, silah və hərbi texnologiya satışına qadağalar İsrailin dövlət büdcəsinə əlavə yük yarada bilər.
Şirkətlərə və fiziki şəxslərə ünvanlı sanksiyalardır. Aktivlərin dondurulması və beynəlxalq maliyyə əməliyyatlarının məhdudlaşdırılması həmin subyektlərin iqtisadi fəaliyyətini çətinləşdirə bilər”.
E. Əmirov hesab edir ki, mümkün sanksiyaların iqtisadi təsirini İsrail iqtisadiyyatına real təsirini təhlil etmək üçün bir sıra göstəricilərə diqqət yetirmək lazımdır:
“Bunlardan birincisi, xarici ticarətdir. 2025-ci ildə İsrailin xarici əmtəə ticarətinin 31,7 %-i, ixracının isə 29,4 %-i Avropa İttifaqının payına düşüb. Tərəflər arasında ticarət dövriyyəsi 43,3 mlrd avro təşkil edib. Bu göstəricilər Avropa bazarının İsrail iqtisadiyyatı üçün strateji əhəmiyyətini göstərir.
Digəri yüksək texnologiyalar sektorudur. 2025-ci ildə bu sektorun ixracı 85 mlrd. dollara çataraq ümumi ixracın 58%-nitəşkil edib. Həmin il sektora təxminən 15 mlrd. dollar investisiya yatırılıb. Bu rəqəmlər İsrailin iqtisadi artımında beynəlxalq kapitalın və texnologiya bazarlarının mühüm rolunu göstərir.
Üçüncüsü isə dövlət maliyyəsi. ABŞ-ın 2019-2028-ci illər üzrə İsrailə nəzərdə tutduğu hərbi yardım 38 mlrd. dollar, illik hesabla 3,8 mlrd. dollardır. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, 2026-cı ildə İsrailin dövlət borcunun ÜDM-ə nisbətinin 70,1% -ə çatacağı gözlənilirdi. Bu şəraitdə xarici maliyyə dəstəyinin azalması büdcə üzərində əlavə yük yarada bilər.
Maliyyə dayanıqlığı da mühüm şərtdir. 2025-ci ilin sonunda İsrailin beynəlxalq valyuta ehtiyatları 229,5 mlrd. dollar təşkil edib. Bu, ölkənin mümkün maliyyə təzyiqlərini yumşaltmaq imkanlarını artıran mühüm amildir.
Göründüyü kimi İsrail iqtisadiyyatının xarici bazarlar və beynəlxalq kapitalla sıx bağlılığı sanksiyalara həssaslıq yaratsa da, ölkənin maliyyə ehtiyatları müəyyən dayanıqlıq təmin edir. Yekun iqtisadi nəticələr isə sanksiyaların miqyasından, müddətindən və tətbiq edən ölkələrin iqtisadi çəkisindən asılı olacaq”.
Qeyd olunan sanksiyalar nəzəri baxımdan mümkün olsa da, iqtisadçı onların genişmiqyaslı şəkildə tətbiqi ehtimalını yüksək qiymətləndirmir. O hesab edir ki, İsrailin ABŞ ilə strateji müttəfiqliyi, beynəlxalqnsiyasi təsir imkanları, güclü lobbiçilik şəbəkələri və Qərb iqtisadiyyatları ilə sıx əlaqələri belə qərarların qəbulunu ciddi şəkildə çətinləşdirir. Üstəlik, geniş iqtisadi sanksiyalar İsraillə əməkdaşlıq edən ölkələrin də iqtisadi maraqlarına toxuna bilər.