Anti-Pua sistemi Ermənistana gözdağıdır
İsrail müdafiə nazirinin səfərindən sonra Azərbaycana yeni silahların verilməsi reallaşacaq
"Əgər Tehran Zəngəzurda Azərbaycan əleyhinə konsulluq açırsa, biz nədən dost İsraildə səfirliyin açılmasını gecikdirək?!"
Müdafiə naziri Zakir Həsənov oktyabrın 3-də Bakıda İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edib. Nazir israilli həmkarı ilə hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirəsini aparıb. Qans Prezident İlham Əliyev, Müdafiə naziri Zakir Həsənov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə də görüşüb. Danışıqlarda İsraillə Azərbaycan arasında strateji münasibətlərin qorunub saxlanılmasının vacibliyi vurğulanıb.
Diqqəti ən çox çəkəcək məqam odur ki, Qans İsrailin Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Türkiyə ilə normallaşma prosesinə başlamasından sonra Yaxın Şərqdə baş verə biləcək yeni hadisələri müzakirə edib. Ehtimal vermək olar ki, İsrail Yaxın Şərqdəki maraqlarının təmini prosesinə Azərbaycanı da cəlb etməyə çalışır. Azərbaycan İranın zərbə dronlarını Ermənistana verə biləcəyindən ehtiyat edir və İsraildən ən müasir anti-dron sistemləri alacaq. Qeyd edək ki, Azərbaycan müdafiə naziri İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə telefonla danışıb. Nazirlikdən yayılan məlumatda tərəflər arasında ikitərəfli hərbi əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi bildirilib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu eyni gündə bir-birinə düşmən olan iki dövlətin - İsrailin və İranın müdafiə sistemlərinə başçılıq edən şəxslərin Bakı ilə təmaslarına diqqət çəkib. Ekspert bildirib ki, İsrail Azərbaycan-İran əməkdaşlığından narahat deyil, bunu Azərbaycanın daxili işi sayır və qarışmır. İran isə əksinə, Azərbaycan-İsrail hərbi əməkdaşlığından aşkar narahatdır:
"İran bunu müxtəlif səviyyələrdə səsləndirməkdən çəkinmir. Üstəgəl, Bakıya zəng edən Hüseyn Baqeri bir müddət əvvəl Azərbaycanla bağlı təhdid mahiyyətli açıqlama vermişdi.
Görünən odur ki, rəsmi Bakı İsraillə hərbi-texniki əməkdaşlığı bundan sonra da davam etdirməkdə və genişləndirməkdə maraqlıdır. Azərbaycan Ordusunun gücləndirilməsi və döyüş qabiliyyətinin artırılması əsas vəzifədir".
Politoloq Məhəmməd Əsədullazadə isə vurğulayıb ki, İsrail-Azərbaycan əlaqələrində hərbi-texniki əməkdaşlıq yeni müstəviyə daxil olur:
"İsrail müdafiə nazirinin Azərbaycana səfəri iki dövlət arasında müdafiə sahəsində əlaqələr, yeni birgə silah müəssisələrinin yaradılması və açıq şəkildə hərbi dəstəyin veriləcəyi mesajıdır.
Bu illər ərzində hərbi-texniki və müdafiə sahəsində əməkdaşlıq müəyyən dərəcədə qapalı aparılırdı. Bundan sonra, rəsmi Bakı iki ölkə arasında münasibətləri açıq şəkildə davam etdirəcək.
Müdafiə nazirinin səfəri sıradan bir səfər deyil, bu, Azərbaycana hərtərəfli dəstəyin nümayişidir. İsrailin müdafiə nazirinin səfərindən sonra Azərbaycana yeni silahların verilməsi reallaşacaq. Anti-Pua sistemlərin verilməsi və yeni nəsil dronların tədarükü və digər silahların idxalı razılaşdırılıb. İran Ermənistana yeni kamikadze və pualar verə bilər. Ermənistan da bu kimi silahları əldə etməyə çalışır. Ona görə də Azərbaycan üçün anti-pua sistemləri vacibdir. İranın Zəngəzur məsələsində tutduğu mövqe bu ölkənin Ermənistana kamikadze dronlar verməsi ilə nəticələnə bilər".
Ekspertə görə, regionda Türkiyə-Azərbaycan-İsrail və Pakistan hərbi platforması qurulur:
"Prosesə Böyük Britaniya da dəstək verir. İsrail-Azərbaycan əlaqələri Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmininə xidmət edir. Bu əməkdaşlıq son aylarda Azərbaycana qarşı formalaşan siyasi-hərbi fəaliyyətləri neytrallaşdıracaq.
Azərbaycana qarşı açıq şəkildə destruktiv mövqe ortaya qoyan İran və digər ölkələr açıq fəaliyyətə keçib. Ona görə də Azərbaycan İsraildə səfirlik açmalıdır.
Geosiyasi reallıq və Azərbaycanın milli maraqları bunu tələb edir. Əgər Tehran Zəngəzurda Azərbaycan əleyhinə konsulluq açırsa, biz nədən dost İsraildə səfirliyin açılmasını gecikdirək?!".