Araik Arutyunyan ABŞ-dəki erməni lobbisinə yalvarır  İmdad diləyirlər

Taktiki baxımdan Rusiyadan da, Qərbdən də öz xeyrimizə istifadə etməliyik. ABŞ-ni ermənilərin dostu kimi qiymətləndirmək yanlış olardı


  Qarabağ separatçılarının lideri Araik Arutyunyan Ermənistandan, Rusiyadan və Qərbdən əlini üzdükdən sonra erməni lobbisinə müraciət edib. “Bizi xilas edin” səpkili açıqlama yayımlayan Arutyunyanın erməni lobbisindən tələbi odur ki, yaşadıqları ölkələrin hökumətlərinin Azərbaycana təzyiq etmələrinə, o cümlədən Laçın yolunun “açılmasına” nail olsunlar. Erməni lobbisi ilə sıx əlaqəli olan amerikalı konqresmen Adam Şiff feysbuk səhifəsində “Ağ Evin Artsaxın müstəqlliyinin tanınmasına” yönəlik çağırış edib. ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin aparat işçiləri Sara Arkin və Damian Merfi Qərbi Zəngəzurda görüşlər keçiriblər. ABŞ-nin dövlət strukturları Azərbaycanla strateji tərəfdaşlığı dəstəkləsələr də, ermənipərəst konqresmenlər suyu bulandırmağa çalışacaqlar. 
  
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ-də erməni lobbisi güclüdür. Onun sözlərinə görə, konqresmenlərin hər biri seçicilərindən asılıdır: "Amerikada ermənilər çoxdur və böyük maddi imkanlara malikdirlər. Nə deyirlərsə, konqresmen də onların dedikləri ilə razılaşır. Amma dövlət səviyyəsində məsuliyət daşımırlar. Yəni kim onların seçki təbliğatına pul buraxırsa, onların dedikləri ilə də oturub-dururlar, mövqelərinə uyğun fikir səsləndirirlər. Bunu Vaşinqtonun mövqeyi kimi dəyərləndirmək olmaz. Bəli, bölgə uğrunda Qərb və Rusiya arasında qarşıdurma mövcuddur. Belə qarşıdurma həmişə olub, indi isə daha kəskin forma alıb. Ancaq söhbət başqa problemdən gedir. Hansı tərəf münaqişəyə son qoyulmasını istəyir? Çünki bəzi məqamlarda onlar çalışırlar ki, Azərbaycanın daxili məsələsi olan Qarabağ mövzusundan istifadə etsinlər".
  Analitik vurğulayıb ki, bundan öncə həm Rusiya, həm də Qərb regionda öz təsirini təmin etmək üçün bu munaqişədən istifadə ediblər: "Onlar münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq məqsədi üçün ermənilərin təhlükəsizliyi və hüquqları məsələsini gündəmə gətirmək niyyətindədirlər. Bu, əslində "status" deməkdir. Bu baxımdan da görürük ki, onların arasında böyük bir fərq yoxdur. Taktiki baxımdan  Rusiyadan da, Qərbdən də öz xeyrimizə istifadə etməliyik. ABŞ-ni ermənilərin dostu kimi qiymətləndirmək yanlış olardı. Amerika Birləşmiş Ştatlarının Azərbaycanda enerji maraqları təmin edilib. ABŞ heç vaxt Rusiyanın forpostu olan Ermənistana Azərbaycanı qurban verməyəcək".