Aşqabad İrandan cəmi 7 kilometr məsafədə yerləşir


Türkmənistanda İsrail səfirliyinin açılması həm də İrana qarşı bir gedişdir


  İsrail yaxın günlərdə Türkmənistanın paytaxtı Aşqabadda səfirlik açmağı planlaşdırır. Türkmənistanın dövlət rəsmiləri də öz ölkəsində İsrail səfirliyinin açılmasına müsbət münasibət bildiriblər. İsrailin Türkmənistanla normal diplomatik münasibətləri olmasına baxmayaraq, Təl-Əviv bu günə kimi Aşqabadda səfirlik açmayıb. 
  Politoloq Turab Rzayev "Şərq"ə bildirib ki, sovet ittifaqı dağılandan sonra İsrail bölgədə yaranmış yeni geopolitik reallıqda özünə yer tutmağa çalışdı. 

Çünki postsovet ölkələri ənənəvi müsəlman dövlətləri kimi radikal deyildilər və mədəni bağlarla Rusiyaya, Qərbə yaxın idilər. Ona görə də həmin ölkələrlə anlaşmaq İsrail üçün rahat idi: "Radikal, qatı dini təmayüllü xalqların olmaması İsrailə şərait yaradırdı ki, Təl-Əviv həm Qafqaz, həm də Mərkəzi Asiya ölkələri ilə rahat münasibətlər yaratsın. Ona görə də istər Cənubi Qafqazda, istərsə də Mərkəzi Asiya ölkələri ilə İsrailin normal əlaqələri formalaşdı. Sadəcə olaraq son dövrlərə qədər bəzi siyasi, geopolitik risklər nəzərə alınaraq, Orta Asiya ölkələrində İsrailin səfirliklərinin açılması geniş şəkildə həyata keçirilmirdi. Məsələn, Azərbaycanda İsrail səfirliyi var idi, amma bizim orada səfirliyimiz uzun müddət olmamışdı. Eyniylə Türkmənistanda da İsrail səfirliyi yox idi. Artıq bölgədə yeni mərhələ formalaşıb. Xüsusən, İkinci Qarabağ müharibəsindən sonra dəyişən geosiyasi reallıq var". 
  T.Rzayev bəyan edib ki, dünyada Şərq və Qərb olmaqla iki fərqli qütb yaranıb: "ABŞ-nin rəhbərlik etdiyi Qərb qütbü ilə yanaşı, Rusiya, İran və Çinin daxil olduğu Şərq qütbü də var. Bunların arasında isə şərti boşluq yaranıb. Bizim şərti olaraq Turan adlandırdığımız bölgələr, Qafqaz və Mərkəzi Asiya, o cümlədən Əfqanıstan və Pakistandan ibarət regionun gələcək taleyi tam formalaşmayıb. O baxımdan Türkiyənin rəhbərliyi ilə bölgə ölkələri bir-birinə inteqrasiya etməyə çalışırlar. Turan adında yeni geopolitik ittifaq formalaşır. İsrail də bölgədə öz gücünü artırmaq, yaranmış boşluqdan istifadə etmək istəyir. Türkmənistan İranla sərhəddir. İsrail İranın şimal-şərq sərhədində öz mövcudluğunu gücləndirməyə çalışır. Aşqabad şəhəri İrandan cəmi 7 kilometr məsafədə yerləşir. Yəni səfirliyin açılması həm də İrana qarşı nəzərdə tutulmuş bir gedişdir".