ABŞ Netanyahu ilə yollarını ayırmaq istəyir? - “Tanıdığımız şeytan”

ABŞ Prezidenti Donald Trampın yaxın müşavirlərinin əksəriyyətinin İsrail seçkilərinə müdaxilə edilməməli və Baş nazir Binyamin Netanyahuya birbaşa dəstək verilməməli olduğunu düşündüyü iddia edilir.

Sherg.az “Axios”a istinadən xəbər verir ki, xəbərə görə, adı açıqlanmayan ABŞ rəsmiləri Trampın ətrafındakı bəzi şəxslərin Netanyahudan fərqli bir liderin rəhbərlik etdiyi İsrail hökumətinin Vaşinqtonun Yaxın Şərq siyasətinə daha uyğun ola biləcəyini düşündüyünü bildiriblər.

Rəsmilərdən biri Trampın Netanyahu ilə bağlı mövqeyini “Tanıdığımız şeytan” ifadəsi ilə xarakterizə edib. Digər bir mənbə isə Netanyahunun ifrat sağçı koalisiya tərəfdaşlarının daxil olmadığı yeni hökumətlə işləməyin daha asan ola biləcəyini deyib.

Bununla belə, mənbələrdən biri Netanyahuya dəstəyin Tramp üçün hər iki halda siyasi üstünlük yarada biləcəyini bildirib: Netanyahu qalib gəlsə, Tramp bunu öz xeyrinə istifadə edə, məğlub olsa isə yeni baş nazir onunla əməkdaşlığa açıq ola bilər.

Xəbərdə qeyd olunur ki, Tramp oktyabrın 18-də İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərlə bağlı Netanyahuya tam dəstək verdiyini açıqlayıb. ABŞ-ın vitse-prezidenti Cey Di Vens isə İsrailin baş nazirini nə dəstəklədiyini, nə də ona qarşı çıxdığını bildirib.