Fransanın “Əyilməz Fransa” (LFI) partiyasından olan deputatı Toma Porte oktyabrın 24-də "CNews" telekanalının çəkiliş qrupunun Trappes şəhərindən qovulmasına münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, o, telekanalı “irqçi media” adlandıraraq, bir gün əvvəl baş vermiş irqçi terror hücumunun qurbanlarını gözdən salmağa çalışmaqda ittiham edib.
Sen-Sən-Döni departamentini təmsil edən deputat X sosial şəbəkəsində paylaşım edərək yazıb: “Biz irqçi medianın qurbanları gözdən salmasına heç vaxt imkan verməyəcəyik”.
Porte bunu "CNews" jurnalistlərinin Trappes və La Verrier şəhərlərində irqçi terror aktının nəticələrini işıqlandırarkən sakinlər tərəfindən ərazidən uzaqlaşdırılmasını əks etdirən videonu şərh edərkən bildirib.
Oktyabrın 23-də 39 yaşlı kişi Trappes və La Verrier şəhərlərində avtomat silahdan atəş açaraq 26 yaşlı gənci öldürüb, 12 yaşlı qız da daxil olmaqla, 5 nəfəri yaralayıb.
Fransanın Milli Antiterror Prokurorluğu hadisə ilə bağlı terror fəaliyyəti ilə əlaqəli qətl və qətlə cəhd maddələri üzrə istintaq başladıb. Prokurorluğun məlumatına görə, hadisə qurbanların həqiqi və ya ehtimal edilən irqi, etnik, milli və ya dini mənsubiyyətinə görə törədilməsi ehtimalı əsasında araşdırılır.
Toma Portenin açıqlaması "CNews"-ə qarşı əvvəllər də səsləndirilən tənqidlər fonunda verilib. Solçu siyasi qüvvələr və bir sıra ictimai təşkilatlar telekanalı dəfələrlə mübahisəli çıxışlara yol verməkdə və nifrəti qızışdırmaqda ittiham ediblər. Tənqidçilər, xüsusilə telekanalda aztəminatlı məhəllələr, miqrasiya və İslamla bağlı səsləndirilən bəzi fikirlərin damğalayıcı (stiqmatizasiya) xarakter daşıdığını və cəmiyyətdə gərginliyi artırdığını bildirirlər.