Avropada islamafobiya çox ciddi məsələdir
Burada sadəcə müsəlmanlar hədəfə alınmır, irqçilik, faşizm ənənələri də yenidən dirçəlir
Türkiyə mətbuatında Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü, professor İbrahim Kalının “Avropada irqçilik normallaşır” başlıqlı məqaləsi dərc olunub. Müəllif yazıda Qərb ölkələrində irqçiliyin yayılması, müsəlman mühacirlərə qarşı həyata keçirilən ayrı-seçkilik, Avropa ölkələrində ksenofobiyanın siyasətçilər tərəfindən alət kimi istifadə olunmasına toxunub. Son dövrlər islam dininə və müsəlmanlara qarşı ardıcıl baş vermiş təxribatları sadalayıb. Qeyd edib ki, 2020-ci ilin 19 fevral tarixində Almaniyanın Hanau şəhərində əcnəbi ölkələrdən gələn şəxslərin işlətdiyi kafedə partlayış törədilib.
Hadisə nəticəsində dördü türk olmaqla doqquz günahsız insan həyatını itirib. Bu dəhşətli hadisə son illərdə xüsusilə müsəlmanları hədəf alan cinayətlərdən yalnız biridir. Kollektiv xərçəngə çevrilən irqçiliyin Qərb ölkələrində yayılma sürəti narahatedici səviyyəyə çatıb. Ən dəhşətlisi isə odur ki, bu təhlükəli ideologiya fikir müxtəlifliyi kimi təqdim olunur. İrqçi terror aktlarının təməlləri uzun illər ərzində işlənilib. Son illərdə Qərb ölkələrində fərdi cinayətlər kimi təsnif edilən irqçi terror aktları nəticəsində məscid və sinaqoq kimi ibadət yerləri zərər görür. Həmçinin, müsəlmanlar və dünyanın müxtəlif ölkələrindən Almaniyaya gələn mühacirlər ictimai və sosial həyatda fiziki hücumlara məruz qalırlar. Son beş il ərzində Qərb ölkələrində irqçi terror aktlarında 3-dəfə artım qeydə alınıb.
Təsadüfi deyil ki, irqçi hücumların artması, xüsusilə Avropada irqçi partiyaların güclənməsi, irqçi ritorikanın mediada və ictimai rəydə daha çox irəli çəkilməsi ilə eyni vaxta təsadüf edir. Bu qanlı insidentlərin fərdi cinayətlər kateqoriyasına aid edilməsi isə oxşar hərəkətə hazırlaşan insanları və qrupları daha da həvəsləndirməkdədir. Xüsusən Avropada müsəlman əhalinin artmasına səbəb olan mühacir hərəkatı, köhnə qitənin tarixində möhkəm təməlləri olan irqçilik ideologiyasının yenidən tərəfdar toplaması ilə nəticələnib. Müşahidə edilən odur ki, İslam və ksenofobiya Avropa ziyalıları, orta və yuxarı təbəqə arasında sürətlə yayılır, beynəlxalq siyasətin formalaşdırılmasında istifadə olunur. Ən üst səviyyələrdə iddia olunur ki, guya, islam dini avropalı kimliyi ilə bir araya sığmır. Bu əsas götürülərək immiqrantlar arasında fərq qoyulur və xaricdən gələn insanların təsnifləndirilməsi həyata keçirilir. Avropada islam “Avropalaşma”nın qarşısında güclü maneə kimi təqdim edilir. Assimilyasiya müzakirələri ortaya çıxır. Müsəlman kimliyini qoruyub saxlamaqda israrlı olanlar, “arzuolunmaz mühacir” kimi cəmiyyətdən təcrid edilir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə bildirib ki, İbrahim Kalının gündəmə gətirdiyi - Avropada islamafobiya çox ciddi məsələdir. Professorun sözlərinə görə, Avropada sadəcə müsəlmanlar hədəf alınmır, eyni zamanda irqçilik, faşizm ənənələri də yenidən bərpa olunur:
“XIII-XIV əsrlərdə İspaniyadakı müsəlman Kordova xilafətinə qarşı xaç yürüşləri ilə Avropada müsəlmanlara savaş açıldı. Sonrakı dönəmlərdə irqçiliyin və islamafobiyanın aparıcı qüvvəsi kimi kilsələr çıxış etməyə başladı. İndi həmin məsələlər müasir Avropada yeni formada təzahür etməyə başlayıb. Artıq bununla xüsusi məşğul olan kilsədən kənar qüvvələr də var. Ötən əsrin 30-40-cı illərində meydana çıxmış faşizm yenidən nasizm kimi baş qaldırıb. Almaniya islamafobiyada tək deyil, Hollandiya, Belçika və Fransa da bu işin içindədir. Cənubi Avropa ölkələri islam mədəniyyətinə yaxşı bələd olduğuna görə, müsəlmanlara kinləri çox deyil. Amma Mərkəzi və Şimali Avropa ölkələri həddindən artıq anti-İslam mövqeyindədirlər. Kilsə ilə bərabər London, Paris klubları da aktivdir. Onların arxasında isə masson qruplaşmaları dayanır. Dünyanın yenidən bölüşdürülməsində islam aləmini, müsəlmanları kənarlaşdırmaq məqsədi güdülür. Avropadan müsəlmanların sıxışdırılıb çıxarılması planları həyata keçirilməkdədir. Son zamanlar Avropa xalqları arasında islam dini geniş yayılmaqdadır. Qitənin islamlaşmasının qarşısını almağa çalışırlar. Avropada müsəlmanlara qarşı teraktlar arta bilər. Qitənin bir neçə ölkəsində ciddi qarşıdurmalar gözlənilir”.