Ukrayna ABŞ Prezidenti Donald Trampın administrasiyasının təzyiqləri fonunda Rusiyanın neft emalı zavodlarına (NEZ) zərbələri dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Qeyd edilib ki, qeyri-rəsmi fasilə oktyabrın ortalarında başlayıb və ABŞ-də aralıq seçkilər başa çatana qədər, hətta daha uzun müddət davam edə bilər.
Nəşrin məlumatına görə, uzaqmənzilli zərbələrdə iştirak edən Ukrayna hərbi bölmələrinə oktyabrın ortalarında artıq başlanmış əməliyyatlar başa çatdıqdan sonra Rusiya neft emalı zavodlarına qarşı hücum kampaniyasının faktiki olaraq dayandırıldığı bildirilib. Bununla belə, Kiyev hücumların dayandırılması barədə rəsmi açıqlama verməyib.
WSJ-yə danışan iki amerikalı rəsminin sözlərinə görə, oktyabrın 20-də Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner yenidən Rusiyanın neft emalı zavodlarına zərbələrin dayandırılmasını tələb edib. Mənbələr görüşdəki söhbəti gərgin kimi xarakterizə ediblər.
Məlumata əsasən, Ukraynanın Avropadakı müttəfiqləri də Zelenskiyə aralıq seçkilər ərəfəsində amerikalı seçicilərin enerji qiymətlərinə həssas münasibətini nəzərə almağı tövsiyə ediblər. Onlardan bəziləri ABŞ-nin Ukraynaya dəstəyi ilə bağlı fikir ayrılıqları və “Starlink” peyk sisteminin fəaliyyətindəki fasilələr fonunda Ukrayna ilə ABŞ arasındakı münasibətlərin daha da pisləşəcəyindən ehtiyat edirlər.
Amerikalı rəsmilər isə Ukraynanın “Starlink” sisteminə çıxışının bərpa edilməsinin Rusiya neft emalı zavodlarına zərbələrin dayandırılması ilə əlaqəli olmadığını deyiblər. Bununla belə, Ukrayna rəsmiləri Kiyevdən güzəştlər əldə etməyə çalışan Vaşinqtonun təzyiqlər göstərdiyini qeyd ediblər.
Xatırladaq ki, Donald Tramp bundan əvvəl Vaşinqtonun müraciətlərinə baxmayaraq, Ukraynanın Rusiya neft emalı zavodlarına hücumlarını “biabırçılıq” adlandırmış və Volodimir Zelenskini ABŞ ilə əməkdaşlıq üçün münasib şəxs hesab etmədiyini bildirmişdi.