Avtomobil idxalı 473 milyon dollar azaldı - Bazarda nə baş verir?

  • Ekspert isə hesab edir ki, Azərbaycanda avtomobil bazarı yenidən canlanacaq

2026-cı ilin ilk 9 ayında Azərbaycana avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 faiz, hibrid avtomobillərin idxalı isə 58,8 faiz azalıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sözügedən tarixdə Azərbaycana 1 milyard 132 milyon 197 min ABŞ dolları dəyərində avtomobil idxal edilib. 

2025-ci ilin eyni dövründə ölkəyə 1 milyard 605 milyon 21 min dollar dəyərində 85 min 257 ədəd avtomobil gətirilib.

Mütəxəssislər bu ilin ilk 9 ayında avtomobil idxalında qeydə alınan azalmanı bir neçə amillə əlaqələndirirlər. 

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) İdarə Heyətinin sədri Eyyub Əliyev Sherg.az-a açıqlamasında bildirib ki, 2026-cı ilin ilk 9 ayında Azərbaycana 1 milyard 132 milyon dollar dəyərində avtomobil idxal edilib. Halbuki ötən ilin eyni dövründə bu göstərici 1 milyard 605 milyon dollar təşkil edib.

Onun sözlərinə görə, idxalda azalmanın əsas səbəblərindən biri ötən il ölkəyə rekord sayda avtomobil gətirilməsi və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin başa çatması ilə bağlıdır: “Ötən il Azərbaycana təxminən 100 min avtomobil idxal olunmuşdu. Bu, son illərin ən yüksək göstəricilərindən biri idi. Ekoloji cəhətdən təmiz avtomobillərə tətbiq edilən güzəştlərin 2026-cı ilin yanvarında başa çatacağı əvvəlcədən məlum idi. Buna görə də, xüsusilə paralel idxalla məşğul olan şəxslər güzəştlərin bitməsindən əvvəl, təxminən üç ay ərzində ölkəyə xeyli sayda avtomobil gətirmişdilər. Həmin avtomobillərin bir hissəsi müxtəlif şəxslərin adına rəsmiləşdirilərək güzəştlərdən yararlanmaqla idxal edilmiş, daha sonra satışa çıxarılmışdı”.

E.Əliyev qeyd edib ki, ötən il əvvəlcədən ölkəyə gətirilən avtomobillərin bazarda mövcudluğu cari ildə idxalın azalmasına təsir göstərir. Lakin bu vəziyyət avtomobil bazarında alıcılıq qabiliyyətinin zəiflədiyi anlamına gəlmir: 

“Avtomobil parkının yenilənməsi və utilizasiya proqramının həyata keçirilməsi bazarda tələbatın qorunmasına şərait yaradır. Ölkəyə avtomobil idxalının indiki azalması o demək deyil ki, ölkəyə avtomobil idxalında katastrofik bir azalma olacaq. Yox, əksinə, ümid edirəm ki, ilin sonuna və gələn ilin birinci rübünün sonundan idxal dinamikası artacaq”.