Axına qarşı sürmək, səkidə hərəkət etmək cəzasız qalmamalıdır... - SOS

Skuter sürənlərin çoxu bu qaydanı bilmir, cərimələr qaçılmazdır

Skuterlər, mopedlər həm nəqliyyat vasitələrinin, həm də piyadaların qorxulu röyasına çevrilib. Skuter və moped sürücüləri nəqliyyat vasitəsinin kiçik ölçülü və manevr imkanlarının geniş olmasından sui-istifadə edir. Avtomobillərin önünə keçir, səkilərə çıxır, yol hərəkəti qaydalarını pozur, mikromobilliyi bəhanə edib özlərini imtiyazlı sayırlar. 

Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yol hərəkətinin bütün iştirakçıları mövcud qanunvericiliyin tələblərinə əməl etməlidir, heç bir nəqliyyat vasitəsi xüsusi imtityaza malik deyil: 

- İstər moped, istərsə də skuter (elektrosamokat) sürən vətəndaş bilməlidir ki, bu nəqliyyat vasitələri qanunvericilikdə artıq təsbit olunub. Yəni, əyləncə vasitəsi kimi yox, məhz nəqliyyat vasitəsi kimi. Ona görə də skuterlər yol hərəkəti qaydalarına uyğun idarə edilməlidir. Skuterlər avtomobil yolunun birinci, ən sağ kənarı ilə hərəkət etdirilməlidir. Yaxud da velosiped zolağı varsa, velosiped zolağı ilə hərəkət etməlidirlər. Və sutkanın bütün saatlarında da arxada onun fənəri olmalı və işlək - yanar vəziyyətdə olmalıdır. Axına qarşı idarə etmək qətiyyən olmaz, yolverilməzdir. Həmçinin, bir skuterdə 2 nəfər hərəkət edə bilməz. Bəzən götrürük, biri skuter idarə edir, birini də tərkinə alıb. Bu, qadağandır. Bunun 40 manat cəriməsi var. Bunu bilməlidir skuter sürənlər. Səkilərdə skuter idarə etmək də qadağandır. Qanunvericilikdə müddəalar var, necə ki piyadaların, avtomobillərin hərəkəti “Yol hərəkəti haqqında” qanunla tənzimlənir, qayda pozuntusuna görə cərimələnirlər, skuter idarə edənlər də eyni qayda ilə cərimələnirlər, əgər yol hərəkəti qaydalarını pozurlarsa. Yol hərəkəti iştirakçılarının heç birinə güzəşt, imtiyaz yoxdur.