Azadlıq böyük nemətdir

Boran Əzizli: "Zaman gələcək, 18 oktyabr günü də 28 may kimi ümumxalq bayramına çevriləcək"

  Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 31 illiyini qeyd etdi. Düz 31 il əvvəl oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında bu sənəd qəbul edildi. Ötən il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu. 

Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Lakin xalqımız bu ağır günlərdə qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Ölkədəki xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider müasir dövlət quruculuğu işlərinə başladı. 

Qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Ümummilli liderin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi əldə edilib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyən etdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu. Düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir! 

  Tarixçi-alim Boran Əzizli "Şərq"ə deyib ki, 18 oktyabr günü müasir tariximizdə xüsusi önəm kəsb edir. Məhz həmin gün verilən qərarla Azərbaycan xalqı 70 illik sovet əsarətindən xilas oldu və dövlət müstəqilliyini bərpa etdi: 

"Çox şərəfli bir gündür. Əlbəttə, 18 oktyabra birdən-birə gəlib çatmamışıq. Azadlıq uğrunda uzunmüddətli mübarizədən sonra müstəqillik neməti xalqımıza yenidən nəsib oldu. Əslində elə 1920-ci illərdən başlayan azadlıq mübarizəsi zaman, məkan və şəraitə görə, açıq və ya gizli, güclü və ya zəif formada davam etdirilib. Mübarizəmiz heç vaxt kəsilməyib. Hətta bu, hakim sovet ideologiyasına, kommunizmə qarşı mübarizə metodlarından biri olub. Sovet ideologiyası Azərbaycan xalqının varlığını danmağa, öz azadlığı uğrunda mübarizə aparmaq gücünün, əzminin olmadığını sübut etməyə çalışmışdı. Zaman-zaman repressiyalara, kütləvi deportasiyalara, tarixi torpaqlarımıza kənardan yad ünsürlərin köçürülməsinə, yurdlarımızın xain ermənilərə peşkəş çəkilməsinə və s. təzyiq metodlarına baxmayaraq, xalqın mübarizə əzmi, azadlıq eşqi sönmədi, zəifləmədi. Əksinə, bu kimi təzyiqlər, aşağılayıcı yanaşmalar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində apardığımız mübarizə nəticəsində nəhayət dövlət müstəqilliyimizin bərpasına nail olduq". 

  B.Əzizli qeyd edib ki, azadlığın bərpası çox böyük səadət idi: 

"Təəssüf ki, həmin dövrdə Moskva azadlığın sevincini tam yaşamağa imkan vermədi. Xalqı öz azadlığı uğrunda mübarizədən yayındırmaq, türk-müsəlman dünyası ilə birləşməsinə mane olmaq üçün yenidən ermənilərin əli ilə Azərbaycana qarşı çirkin planları işə saldılar. Torpaqlarımız işğal olundu, soyqırımlara məruz qaldıq. Bütün bunlara rəğmən, xalqımızın qəlbindən azadlıq eşqini qopara bilmədilər. Zaman gələcək, 18 oktyabr günü də 28 may kimi ümumxalq bayramına çevriləcək. İnsanlar dəstə-dəstə azadlıq mübarizəsi aparanların məzarlarını ziyarət edəcək, müstəqilliyin nə qədər böyük çətinlik bahasına başa gəldiyini yada salaraq, onları minnətdarlıqla anacaqlar".