Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlərinin AZAL rəhbərliyi ilə görüşü olub. Görüş zamanı bir çox məsələlər, o cümlədən təyyarə reyslərinin qiyməti də müzakirə edilib.
Sherg.az xəbər verir ki, bu barədə məlumat verən Multimedia Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumun prezidenti və RİNN yanında İctimai Şuranın üzvü Osman Gündüz bildirdi ki, görüş kifayət qədər açıq və səmimi mühitdə keçib. Şura üzvləri tərəfindən çoxsaylı suallar səsləndirilib və AZAL rəhbərliyi bütün sualları böyük səbr və hövsələ ilə cavablandırmağa çalışıb: 
- Bununla yanaşı, etiraf etməliyik ki, vətəndaşı daha çox maraqlandıran məsələ yeni təyyarələrin sayı deyil, uçuşların əlçatanlığı, qiyməti və xidmətin keyfiyyətidir. Əslində, ölkəmizdə bəzi istiqamətlər üzrə sərnişin qatarlarının biletlərinin qiyməti artıq təyyarə biletlərinə yaxınlaşdığından, hətta bəzi hallarda onları üstələdiyindən aviabiletlərin qiyməti mövzusunu elə də sərt şəkildə qabartmağa "ürəyim gəlmədi". Bununla belə, mənim qaldırdığım əsas məsələlər bunlar oldu:
- Aviabiletlərin qiymətlərinin region ölkələri ilə müqayisədə yüksək olması və bunun Azərbaycanın rəqabət qabiliyyətinə təsiri;
- Gürcüstanın Kutaisi hava limanının regionun əsas aşağıbüdcəli aviasiya mərkəzinə çevrilməsi, region sərnişinlərinin daha münasib qiymətlərə görə məhz oradan uçmağa üstünlük verməsi və ölkəmizdə aşağıbüdcəli (low-cost) aviaşirkətlərin fəaliyyətini məhdudlaşdıran amillərin olub-olmaması;
- Böyük dövlət investisiyaları hesabına tikilmiş Zaqatala, Lənkəran, Qəbələ, Şəki və digər regional hava limanlarına müntəzəm daxili reyslərin olmaması;
- Hava limanlarında parkinq qiymətlərinin yüksək olması, sərnişinlərin taksi seçimi imkanlarının məhdudlaşması və bunun qiymətlərə təsiri;
- Müştəri məmnuniyyəti göstəricilərinin və sərnişin şikayətləri üzrə statistik məlumatların müntəzəm olaraq ictimaiyyətə açıqlanması, şəffaflıq və hesabatlılıq.
AZAL prezidenti Samir Rzayev bəzi mühüm məqamlara da toxundu və bu məsələlər ətrafında açıq müzakirə aparıldı.
O bildirdi ki, regional hava limanlarının xarici operatorların idarəçiliyinə verilməsi variantı nəzərdən keçirilir. Eyni zamanda, hava limanlarının idarə edilməsi ilə aviaşirkətin fəaliyyətinin institusional olaraq ayrılması məsələsi də müzakirə olunur.
Məlumat üçün qeyd edim ki, Kutaisi hava limanı mövzusu görüş ərzində dəfələrlə gündəmə gəldi. Belə qənaətə gəldim ki, bu məsələ AZAL rəhbərliyinin də xüsusi diqqət mərkəzindədir və onlar da bunun bazarda yaratdığı rəqabət üstünlüyünün fərqindədirlər.
Düşünürəm və müzakirə nəticəsində məndə belə bir fikir fromalaşdı ki , AZAL rəhbərliyi tərəfindən planlaşdırılan islahatlar ardıcıl və düzgün həyata keçirilərsə, həm rəqabət mühiti güclənər, həm də sərnişinlər daha keyfiyyətli və münasib qiymətli xidmətlərdən faydalana biləcəklər.
Azərbaycanın müasir hava limanları var. Bura böyük yatırımlar edilib. İndi əsas məqsəd həmin infrastrukturdan daha səmərəli istifadə etmək, regional hava limanlarını canlandırmaq, rəqabəti artırmaq və vətəndaşın daha münasib qiymətə, daha rahat uçmasına nail olmaq olmalıdır.
Məlahət Rzayeva