3 dəqiqəyə ölüm saçıb yoxa çıxır – Rusiya təhlükəli “Mak”ı nümayiş etdirdi

Rusiya ordusu ilk dəfə yeni 152 millimetrlik təkərli “Mak” özüyeriyən artilleriya qurğusunu nümayiş etdirib.

Musavat.com xəbər verir ki, yeni döyüş texnikası yüksək avtomatlaşdırma sistemi və düşmənin cavab zərbəsindən sürətlə yayınmaq imkanları ilə diqqət çəkir.

Yeni artilleriya qurğusu ilk dəfə oktyabrın əvvəlində Çelyabinsk vilayətində keçirilən “Mərkəz-2026” hərbi təlimlərində görüntülənib. Oktyabrın 13-də isə Həştərxan vilayətində yerləşən Kapustin Yar poliqonunda nümayiş etdirilib.

“Mak” Rusiyanın digər 152 millimetrlik təkərli “Qiasint-K” özüyeriyən haubitsasının təkmilləşdirilmiş versiyasıdır. Yeni modelin əsas fərqi elektron idarəetmə sistemindədir. Artilleriya hissəsi – 2A36 “Qiasint-B” topu və BAZ-6910 “Voşçina” bazasında hazırlanmış 8×8 təkərli şassi dəyişməz qalıb.

Yeni texnikanın ən mühüm üstünlüyü atəşin dəqiqliyini artıran avtomatlaşdırılmış sistemdir. Qurğuda mərminin başlanğıc sürətini ölçən radar quraşdırılıb. Radar əldə etdiyi məlumatları ballistik hesablayıcıya ötürür və sistem topun atəş parametrlərinə real vaxt rejimində düzəliş edir.

WhatsApp Image 2026-10-17 at 23.34.39 (1).jpeg (264 KB)

Bu zaman lülənin aşınması, barıt yükünün temperaturu və havanın sıxlığı kimi amillər nəzərə alınır. Əvvəllər bu göstəricilərə uyğun düzəlişlərin aparılması əlavə vaxt tələb edirdisə, “Mak” həmin hesablamaları avtomatik həyata keçirir.

Təkərli şassinin seçilməsi də təsadüfi deyil. Belə qurğuların istehsalı, texniki xidməti və istismarı tırtıllı sistemlərlə müqayisədə daha ucuz başa gəlir. Məlumata görə, təkərli özüyeriyən artilleriya qurğuları orta hesabla saatda 80–100 kilometr, tırtıllı sistemlər isə 50–60 kilometr sürətlə hərəkət edə bilir.

“Mak”ın əsas üstünlüklərindən biri atəş mövqeyində qalma müddətinin cəmi 2–3 dəqiqəyə endirilməsidir. Bu, qurğunun atəş açdıqdan sonra mövqeyini daha sürətlə tərk etməsinə və düşmənin kamikadze dronlarının, eləcə də artilleriyasının cavab zərbələrindən yayınmasına imkan yaradır.

Müasir döyüş meydanında artilleriyanın sağ qalması üçün əsas prinsiplərdən biri atəş açdıqdan dərhal sonra mövqeyi dəyişməkdir. Rusiyanın yeni “Mak” sistemi də məhz bu taktikanın tətbiqini sürətləndirmək məqsədilə hazırlanıb.