Dinozavrlar dövründən qalan ağacın nəsli təhlükə altındadır

Dinozavrlar dövründən günümüzədək gəlib çatan və 3 500 ilədək yaşaya bilən ginkgo ağacı nəsli təhlükə altında olan növlər sırasındadır.

Sherg.az xəbər verir ki, elmi adı Ginkgo biloba olan bu ağac milyonlarla il əvvəl mövcud olmuş bitki qrupunun günümüzədək gəlib çatan yeganə nümayəndəsidir.

Ginkgo 1945-ci ildə Hiroşimaya atılan atom bombasından da sağ çıxıb. Partlayış mərkəzindən təxminən iki kilometr məsafədə yerləşən Anrakuji məbədinin həyətindəki ağac ağır zədələnsə də, növbəti il yenidən pöhrələyib.

Bu gün dünyanın bir çox ölkəsində park və bağlarda yetişdirilən ginkgonun təbii populyasiyaları isə məhduddur. Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) qiymətləndirməsinə görə, növ nəsli təhlükə altında olanlar sırasındadır.