AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli

  • "İslahat zərurəti yaranmışdı, problemlər artıq görünürdü"

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, AZAL-da idarəetmə strukturu yenilənib. İdarə Heyəti 7 üzvdən - sədr və onun 6 müavinindən ibarət olacaq, üzvlərin təyinatı və vəzifədən azad edilməsi Prezident tərəfindən həyata keçiriləcək. Eyni zamanda, Müşahidə Şurasının səlahiyyətləri genişləndirilib, korporativ idarəetmə, strateji planlaşdırma, maliyyə nəzarəti və risklərin idarə olunması sahəsində yeni funksiyalar müəyyən edilib.

AZAL uzun illər yüksək aviabilet qiymətləri, xidmət keyfiyyəti və idarəetmə modeli ilə bağlı ictimai müzakirələrin mərkəzində olub. Bu baxımdan, Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla qurumun idarəetmə sistemində aparılan dəyişikliklər diqqət çəkir. İdarə Heyəti və Müşahidə Şurasının səlahiyyətlərinin yenidən müəyyənləşdirilməsi korporativ idarəetmənin təkmilləşdirilməsi, qərarların qəbulunda səmərəliliyin artırılması və idarəetmədə hesabatlılığın gücləndirilməsi məqsədi daşıyır. Bəs bu dəyişikliklər AZAL-ın fəaliyyətində real dönüş yaradacaqmı, yoxsa struktur islahatı ilə məhdudlaşacaq?

İqtisadçı Natiq Cəfərli Sherg.az-a bildirib ki, bu dəyişikliklərə daha dəqiq qiymət vermək üçün müəyyən vaxtın keçməsi lazımdır. Lakin iqtisadçı hesab edir ki, belə bir islahata ehtiyac yaranıbsa, deməli, AZAL-ın fəaliyyəti ilə bağlı müəyyən narahatlıqlar və narazılıqlar mövcud olub və onlar nəzərə alınıb:

“Hesab edirəm ki, yeni idarəetmə strukturu tam formalaşıb fəaliyyətə başladıqdan və yeni prinsiplərlə işlədikdən sonra onun nəticələrini obyektiv qiymətləndirmək mümkün olacaq. Ümumilikdə isə bunu müsbət addım hesab edirəm. Bu qərar göstərir ki, AZAL-da mövcud problemlər görülür və onların aradan qaldırılması üçün struktur və idarəetmə islahatlarının zəruriliyi qəbul edilib. Ümid edək ki, bu dəyişikliklər gələcəkdə qurumun fəaliyyətində ciddi müsbət nəticələrə gətirib çıxaracaq."