AZAL-ın bilet qiymətləri ilə bağlı narazılıqlar artır: Tələbələr və sərnişinlər şikayətlənir

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin yay tətillərində ölkəyə qayıtması ilə bağlı aviasiya biletlərinin qiymətləri yenidən ictimai müzakirə mövzusuna çevrilib.

Sherg.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, ötən il tələbələr üçün tətbiq edilən güzəştli tariflər bu il ləğv olunub və nəticədə aviabiletlərin qiymətində ciddi artım müşahidə edilir.

Bu haqda mövzunu tanınmış jurnalist Anar Niftəliyev gündəmə gətirib.

Məlumata görə, əvvəlki illərdə tələbələr müəyyən müddət əvvəl müraciət etməklə təxminən 90 dollara bilet əldə edə bilirdilər. Lakin hazırkı vəziyyətdə, xüsusilə iyul ayı üçün İstanbuldan Bakıya uçuşlarda qiymətlər 500 manatdan başlayır, digər şəhərlərdən isə 600-700 manat və daha yuxarı həddə çatır.

Sosial şəbəkə istifadəçiləri və tələbə ailələri qiymət artımından narazılıq edərək bunun əvvəlki illərlə müqayisədə kəskin fərq yaratdığını bildirirlər. Onların sözlərinə görə, ötən il ən yüksək bilet qiymətləri 340–350 manat civarında olub.

Mövzu ilə bağlı müxtəlif reaksiyalar da diqqət çəkir. Bəzi istifadəçilər qiymət artımını kəskin tənqid edərək tələbələrin sosial vəziyyətinin nəzərə alınmalı olduğunu vurğulayırlar. Digərləri isə xidmət keyfiyyətinin qiymətlərlə müqayisədə uyğunsuz olduğunu iddia edirlər. Eyni zamanda, fərqli fikirlər də səslənir və qiymət siyasətinə dair müdafiə xarakterli şərhlər də yer alır.

Narazılıq edənlər xüsusilə Türkiyədə təhsil alan tələbələrin yay aylarında ailələrinə qayıtmasının vacibliyini önə çəkir və bu prosesdə güzəştlərin bərpa olunmasını tələb edirlər.

Qulu Məhərrəmli: AZAL ölkənin soyğunçu qurumlarından biridir.

Elnarə Kərimova: Bazar günü vacib gedən vardı, Ankaraya bilet 1250 manat.

Elnurə Abışova: AZAL - Azerbaijan Airlines rəhbərliyi, işıq ucu varmı?

Mətanət Ağamirli: AZAL-da xidmət yaxşıdı. Amma qiymətlər o xidmətdən 5 dəfə çoxdu. Soyğunçuluq missiyasını uğurla davam edən qurum...

İlhamə Qasımlı: Mətanət Ağamirli, xidmət dediyin, sandviç və 10 kiloluq baqajdı daa...buna görə də başqa hava yolları şirkətinin bizness class üçün aldığı pulu ekonom class üçün tələb edilməz ki...

Zülfiyyə Quluyeva: Yaxın tarixlərə qiymətlər Ankaradan Bakıya min manatdan çox idi. Mən də bir ay sonraya 300 manata aldım. AZAL- ın bu qiyməti konkret soyğunçuluqdur. Tələbələr xaricdə işləmir, təhsil alırlar. Onlara alverçi gözü ilə baxan quruma haqqımızı halal etmirik. Min dəfə burunlarından gəlsin, biz kasıbların haqqına girənlərin. Heç olmasa quru yolların bağlı olduğunu nəzərə alıb tələbələrə güzəşt edəydilər.

Rumiyyə Miraslan: Qardaş, xəstə ata-anamı görməyə gələmmirik, iyunun axırı üçün Ankaradan Bakıya 618 manatdı qiymət. Bu haqsızlığı Allah necə götürür...

Qeyd edək ki, hazırda məsələ ictimai müzakirələr səviyyəsində qalır və rəsmi qurumların mövqeyi ilə bağlı əlavə açıqlama gözlənilir.