Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın tarixində ən əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan xalqının azadlıq və müstəqillik arzularının gerçəkləşdiyi, milli dövlətçilik ənənələrinin yenidən dirçəldiyi mühüm bir mərhələni təcəssüm etdirir.

Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov söyləyib.

O xatırladıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında tarixi sənəd – “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi: “Həmin Aktla Azərbaycan Respublikası 1918-ci il mayın 28-də yaradılmış və 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının müdaxiləsi nəticəsində süquta uğramış Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bəyan etdi. Beləliklə, xalqımızın 70 ildən artıq müddətdə həsrətində olduğu dövlət müstəqilliyinin bərpası hüquqi-siyasi müstəvidə rəsmiləşdirildi. Sonrakı mərhələdə dövlət bayrağı, himni və gerbi ilə bağlı qanunvericilik tədbirləri həyata keçirildi, milli dövlətçilik rəmzlərimiz müstəqil Azərbaycanın atributları kimi təsbit olundu”.

Deputat qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası prosesində dönüş yaradan mühüm mərhələlərdən biri Naxçıvanda başlandı. Heydər Əliyev milli dövlətçilik ideyasını konkret siyasi qərarlarla ifadə edərək müstəqilliyə aparan prosesin önündə dayandı.

Sonrakı hadisələr barədə danışan Azər Badamov bildirib ki, müstəqilliyi əldə etmək qədər onu qorumaq da böyük siyasi iradə, dövlətçilik təfəkkürü və məsuliyyət tələb edir: “Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi və ölkədə yaranmış siyasi böhran müstəqilliyimizin ilk illərində dövlətçiliyimizi ciddi təhlükələrlə üz-üzə qoydu.

1993-cü ilin iyununda ölkədə yaranmış ağır vəziyyət fonunda xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcı oldu. Onun rəhbərliyi ilə dövlət idarəçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və müstəqil Azərbaycanın gələcək inkişafının əsaslarının yaradılması istiqamətində mühüm addımlar atıldı. Dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi ölkənin başlıca strateji vəzifəsinə çevrildi”.

"18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün tarixi ilə bağlı daha bir əlamətdar məqam da diqqətəlayiqdir. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində Heydər Əliyev xalqın böyük səs çoxluğu ilə (98,84 faiz) Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu hadisə dövlətçiliyin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.

Bu gün 18 oktyabr yalnız müstəqilliyimizin hüquqi cəhətdən bərpa olunduğu tarixi xatırlamaq günü deyil. Bu gün həm də müstəqilliyin hansı çətinliklər hesabına əldə edildiyini və onu qorumağın nə qədər böyük məsuliyyət tələb etdiyini dərk etmək günüdür.

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin, milli iradəsinin və azadlıq arzusunun nəticəsi olaraq bərpa edib. Bu müstəqilliyin qorunması, dövlətimizin gücləndirilməsi, milli maraqlarımızın müdafiəsi və gələcək nəsillərə daha qüdrətli Azərbaycanın miras qoyulması hər birimizin üzərinə düşən tarixi məsuliyyətdir.

Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq əzminin, milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Bu əlamətdar gün bir daha təsdiq edir ki, müstəqillik yalnız tarixi sənədlə elan edilən hüquq deyil, həm də daim qorunmalı, möhkəmləndirilməli və gələcək nəsillərə ötürülməli olan ən böyük milli sərvətimizdir", - deyə o əlavə edib.