Azər Rəşidoğlu: Türkiyə və Azərbaycan münasibətlərinin gücü tarixi yaxınlıqla dövlət maraqlarının üst-üstə düşməsindən yaranır

Bir nəfərin iclas salonunu tərk etməməsinin bu qədər nifrətə, təhqirə rəvac verəcəyi ağlagəlməz idi. Amma və çox təəssüf ki ağla gəlməyən başa gəldi. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Məqsəd Hüseynov Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəsi, səfir Tofiq Musayevin rəhbərlik etdiyi diplomatik heyətin üzvü kimi iclasda iştirak edib. İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı bir çox ölkənin nümayəndə heyəti etiraz olaraq zalı tərk etdiyi halda o, öz yerində qalaraq çıxışı dinləyib. Və nə baş verib? Qardaş Türkiyənin sosial şəbəkələrində Azərbaycanımza qarşı xoşagəlməz ifadələr yer alıb, bizim tərəfdə sakit durmayıb qarşılıqlı cavablara keçib. Mübahisələr getdikcə qızışır və tənqidi fikirlərin yerini təhqirlər, alçaldıcı ifadələr tutur. Sual yaranır; qardaşlığımız bu qədərmi kövrəkdir ki bir nəfərin əyləşdiyi yerdən qalxmamasıyla aramıza nifaq düşür? Qardaşlıq belə olmur axı. Olmamalıdır. Əslində, belə də deyil. Deməli, pusquda dayanıb Azərbaycan-Türkiyə qardaşlığına, birliyinə, dostluğuna, müttəfiqliyinə zərbə vurmağa fürsət gözləyənlər var. Və düşmən dəyirmanına su tökməyə hər iki tərəfdə də hazır dayananlar var. Sifariş gözləyirlər ki həmlə etsinlər. Biz niyə düşmənə bu imkanı verməliyik? Məgər ətrafımızda kimlərin durduğunu bilmirik? Nə oldu ki qardaş deyib bağrımıza basdığımızı, kimlərinsə, qoy lap min nəfər olsun, sözüylə sinəsindən itələyirik?    

Əməkdar jurnalist, siyasi şərhçi, “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyinin sədri Azər Rəşidoğlu Sherg.az-a açıqıamasında bildirdi ki, Türkiyə və Azərbaycan münasibətlərini yalnız qardaşlıqla izah etmək düzgün deyil. Bu münasibətlərin gücü tarixi yaxınlıqla dövlət maraqlarının üst-üstə düşməsindən yaranır: 

- Azərbaycan Türkiyə üçün Cənubi Qafqaz və Mərkəzi Asiyaya uzanan geosiyasi xəttdə, Türkiyə isə Azərbaycan üçün təhlükəsizlik, enerji və nəqliyyat baxımından mühüm tərəfdaşdır. Burada qardaşlıq dövlət maraqlarına alternativ deyil, onları gücləndirən amildir. Məhz bu vəhdət Azərbaycan - Türkiyə münasibətlərini uzunmüddətli strateji bağlılığa çevirir. BMT Baş Assambleyasındakı məlum olayla bağlı sıravi Facebook istifadəçilərinin yazdıqlarını görməzdən gəlmək olar. Amma ictimai fikir formalaşdıran şəxslərin gah inanclı insanları təhqir etməsi, gah milli azlıqları qızışdırmağa cəhd göstərməsi, indi isə Azərbaycanın yeganə strateji müttəfiqi olan Türkiyəyə qarşı soyuq müharibə ritorikasına keçilməsi sıradan hadisə deyil. Bakı və Ankara bir-birindən xəbərsiz strateji addım atmır. Təbii ki, bunu ictimaiyyətə açıqlamayacaqlar. Bakı bir tərəfdən Tehranla münasibətləri tənzimləməyə, digər tərəfdən Rusiyanın təzyiqlərini dəf etməyə çalışdığı bir vaxtda Türkiyə əleyhinə isterikanın başlaması diqqət çəkir. 2003-cü ilin mənfi qəhrəmanları yenidən meydana çıxır - bu dəfə sekulyar, dindar, millətçi və liberal görkəmində. Təsadüfdürmü? Məncə, yox.