Son xəbərlər

Ermənistanın yeni Konstitusiyası Rusiyanın planlarını pozacaq - RƏY

  • Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları olmayacaq

“Ermənistanda yeni Konstitusiya layihəsi ətrafında ziddiyyətli fikirlər səsləndirilir. Əsas qanunun əleyhinə çıxanların arqumenti ondan ibarətdir ki, Konstitusiya Türkiyə və Azərbaycanın maraqlarına uyğun hazırlanıb, Ermənistanın mənafeyinə isə cavab vermir”.

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydərmirli Sherg.az-a açıqlamasında qeyd edib ki, Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan yeni Konstitusiya layihəsinin parlamentdə bloklanmasına çağırıb. O, müxalifətin əsas vəzifəsinin layihənin ayrı-ayrı müddəalarını müzakirə etmək deyil, onun referenduma çıxarılmasının qarşısını almaq olduğunu vurğulayıb.

Ekspert məsələ ilə bağlı fikirlərini belə ifadə edib:

“Paşinyana kəskin müxalif mövqedə olan və xarici havadarlarından dəstək alan bəzi ermənilər yeni Konstitusiyanın qəbuluna mane olacaqlarını bəyan edirlər. Görünən odur ki, Nikol Paşinyan yalnız konstitusiya islahatı aparmır, həm də öz cəmiyyətini kök salmış erməni xəstəliklərindən xilas etməyə çalışır. Buna nə dərəcədə nail olacağını isə zaman göstərəcək.

Ermənistanda yeni Konstitusiyanın qəbulundan nə gözləmək olar? Qeyd edim ki, yeni layihədə Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları yer almır. Bu, Ermənistanın həmin iki türk dövləti ilə normal münasibətlər qurmaq niyyətindən xəbər verir. Digər tərəfdən, yeni Konstitusiyanın qəbulu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına şərait yarada bilər. Bunun nəticəsində iqtisadi və siyasi əməkdaşlıq genişlənər, regionda davamlı sabitliyin bərqərar olması üçün imkanlar yaranar.

Təbii ki, bütün bunlar Rusiyanın imperiya maraqlarına cavab vermir. Şimal qonşumuz Cənubi Qafqazda son dayağı hesab etdiyi Ermənistanı asanlıqla itirmək istəmədiyindən müxtəlif təzyiq vasitələrini işə salacağı şübhə doğurmur. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan dəfələrlə siyasi proseslərdə iştirak etmiş, artıq əvvəlki təsir imkanlarını itirmiş fiqurlardır. Bununla belə, Rusiyanın Ermənistandakı təsir dairəsinə daxil olan qüvvələr hələ də mövcuddur. Kifayət qədər maliyyə resurslarına malik həmin qüvvələr müqavimət göstərməkdə davam edirlər.

Bir sözlə, Paşinyan hökumətinin qarşısında asan olmayan siyasi proses dayanır. Baş nazir Nikol Paşinyan parlament seçkilərində olduğu kimi, indi də əhali arasında fəal təbliğat apararaq seçiciləri yeni Konstitusiyanın qəbulunun zəruriliyinə inandıra bilsə, müsbət nəticə əldə edə bilər. Əks halda, Konstitusiya ilə bağlı risklər qalmaqda davam edəcək”.