Azərbaycan-Özbəkistan münasibətlərinin ən böyük sərvəti xalqlar arasındakı təbii yaxınlıqdır -ANALİZ

Şahin Seyidzadə: Azərbaycan-Özbəkistan qardaşlığı Türk dünyasının inteqrasiyasına mühüm töhfə verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Səfər çərçivəsində əldə olunan razılaşmalar və verilən mesajlar Bakı ilə Daşkənd arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Daşkəndə səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də Türk dünyasında inteqrasiya proseslərinin daha da dərinləşdirilməsi ilə bağlı məsələlərin diqqət mərkəzində olması gözlənilir.

Ölkə bağçısının Özbəkistana səfərini Sherg.az-a şərh edən Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib ki, Azərbaycan və Özbəkistan münasibətlərinin ən mühüm xüsusiyyətlərindən biri onların yalnız dövlətlərarası maraqlara deyil, həm də xalqların ortaq tarixi və mədəni yaddaşına əsaslanmasıdır. Deputat qeyd edib ki, iki ölkənin münasibətlərini yalnız siyasi və iqtisadi kateqoriyalarla izah etmək mümkün deyil:

"Azərbaycan–Özbəkistan əlaqələrinin əsas gücü xalqlar arasında əsrlər ərzində formalaşmış mənəvi yaxınlıqdan qaynaqlanır. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində mədəni-humanitar əlaqələrə geniş yer verməsi də təsadüfi deyil. Çünki dövlətlər arasında siyasi müqavilələr imzalana, iqtisadi layihələr həyata keçirilə bilər, lakin xalqlar arasında davamlı və səmimi münasibətlərin formalaşması üçün ortaq dəyərlərin yaşadılması vacibdir. Azərbaycan və Özbəkistan bu baxımdan xüsusi üstünlüklərə malikdir. Hər iki xalq türk dünyasının zəngin sivilizasiya tarixinin mühüm hissəsini təşkil edir. Ədəbiyyat, musiqi, memarlıq, dil, folklor və mənəvi dəyərlər iki xalqın tarixi yaxınlığını əks etdirən çoxsaylı nümunələrlə zəngindir. Bu tarixi yaxınlıq müasir dövrdə dövlət siyasəti səviyyəsində yeni məzmun qazanır. Mədəniyyət günləri, elmi tədbirlər, təhsil mübadilələri, media forumları, QHT əməkdaşlığı və qardaşlaşmış şəhərlər bu mənəvi yaxınlığın müasir institutlara çevrilməsini təmin edir.Son illərdə Azərbaycan və Özbəkistan arasında keçirilən mədəniyyət günləri bu baxımdan mühüm əhəmiyyət daşıyır. 2023 və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi iki ölkənin mədəniyyət diplomatiyasının ardıcıl xarakter daşıdığını göstərir. Bu tədbirlər yalnız konsert və sərgilərdən ibarət deyil. Onlar xalqların bir-birinin mədəni irsi ilə tanış olmasına, sənətçilərin və yaradıcı insanların qarşılıqlı əlaqələr qurmasına, yeni layihələrin yaranmasına şərait yaradır. Xüsusilə Xivədə keçirilən “Şuşa Günləri” Azərbaycanın mədəniyyət diplomatiyası baxımından mühüm hadisədir. Şuşa Azərbaycanın tarixinin, mədəniyyətinin və milli yaddaşının əsas simvollarından biridir. Şuşanın Özbəkistanda tanıdılması iki ölkənin mədəni əlaqələrinin yalnız ümumi folklor və ənənələrlə məhdudlaşmadığını, Azərbaycan xalqının konkret tarixi-mədəni irsinin də qardaş ölkədə yüksək dəyərləndirildiyini göstərir".

Ş. Seyidzadə qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında mədəni yaxınlığın daha bir mühüm göstəricisi Nizami Gəncəvinin adının Özbəkistanın aparıcı ali təhsil müəssisələrindən birinə verilməsidir:

"Özbəkistan Milli Pedaqoji Universitetinin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıması iki xalqın ədəbi və mənəvi irsinin nə qədər yaxın olduğunu nümayiş etdirir. Nizami yaradıcılığının Özbəkistanda tanınması yalnız Azərbaycan ədəbiyyatına olan hörmət deyil. Bu, ümumilikdə türk və Şərq mədəniyyətlərinin ortaq intellektual irsinə verilən dəyərin göstəricisidir. Azərbaycan və Özbəkistan arasında humanitar münasibətlərin xüsusi istiqaməti təhsildir. Təhsil əməkdaşlığı iki ölkənin gələcək nəsilləri arasında əlaqələrin qurulması baxımından ən uzunmüddətli investisiyalardan biridir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması tələbə mübadiləsinin real miqyasını göstərir. Bu rəqəmlərin arxasında daha böyük perspektiv dayanır. Bu gün Daşkənddə və ya Bakıda təhsil alan gənclər gələcəkdə öz ölkələrinin elm, təhsil, dövlət idarəçiliyi, biznes və mədəniyyət sahələrində fəaliyyət göstərəcəklər. Onların digər ölkənin dilini, mədəniyyətini və cəmiyyətini yaxından tanıması gələcəkdə qarşılıqlı anlaşmanın daha möhkəm olmasına şərait yaradacaq. Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyətə başlaması isə təhsil əməkdaşlığının xüsusi simvoludur. İşğaldan azad edilmiş Füzulidə Özbəkistanın təşəbbüsü ilə məktəbin inşa edilməsi iki dövlət arasında münasibətlərin yalnız diplomatik və iqtisadi deyil, həm də mənəvi xarakter daşıdığını göstərir. Bu məktəb Azərbaycan–Özbəkistan qardaşlığının gələcək nəsillərə ötürülən canlı simvollarından biridir. Burada təhsil alan uşaqlar yalnız bilik əldə etmirlər; eyni zamanda iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yeni daşıyıcılarına çevrilirlər. Heydər Əliyev Fondunun Azərbaycan–Özbəkistan mədəni-humanitar əlaqələrinin inkişafında həyata keçirdiyi təşəbbüslər də xüsusi qeyd olunmalıdır. Fondun müxtəlif ölkələrdə mədəni irsin qorunmasına, təhsil və humanitar layihələrə verdiyi dəstək Azərbaycan mədəni diplomatiyasının mühüm elementlərindən biridir. İki ölkə arasında media əməkdaşlığı da informasiya məkanında qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir. 2024-cü ildə Daşkənddə ilk Azərbaycan–Özbəkistan Media Forumunun, 2025-ci ildə isə Bakıda ikinci forumun keçirilməsi media sahəsində əməkdaşlığın institusional əsaslar qazandığını göstərir".

Deputatın sözlərinə görə, müasir dövrdə informasiya münasibətləri dövlətlərarası əlaqələrin ayrılmaz hissəsidir:

"Xalqların bir-birini necə tanıması, hansı məlumatları əldə etməsi və bir-biri haqqında hansı təsəvvürə malik olması iki ölkə arasında münasibətlərin sosial dayaqlarına birbaşa təsir göstərir. Bu baxımdan Azərbaycan və Özbəkistan media qurumları arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Birgə sənədli filmlərin hazırlanması, jurnalist mübadiləsi, tarixi və mədəni mövzuların araşdırılması, rəqəmsal media layihələrinin həyata keçirilməsi iki ölkənin informasiya məkanlarını bir-birinə daha da yaxınlaşdıra bilər. Azərbaycan–Özbəkistan münasibətlərində regionlararası əməkdaşlığın da xüsusi yeri var. Bakı ilə Daşkənd, İsmayıllı ilə Riştan, Şuşa ilə Xivə, Lənkəranla Buxara, Şəki ilə Kokənd, Biləsuvarla Termez, Mingəçevirlə Namanqan, Füzuli ilə Gülüstan, Quba ilə Cizak və Beyləqanla Şəhrisəbz arasında qardaşlaşma münasibətlərinin yaradılması dövlətlərarası dostluğun şəhərlər səviyyəsində möhkəmlənməsinə imkan verir. Qardaşlaşmış şəhərlər mexanizmi xüsusi əhəmiyyət daşıyır. Çünki bu format diplomatik münasibətləri insanların gündəlik həyatına yaxınlaşdırır. Şəhərlər arasında mədəni tədbirlər, tələbə və gənclər mübadiləsi, turizm layihələri, bələdiyyə təcrübəsi, iqtisadi əməkdaşlıq və idman yarışları təşkil oluna bilər. Naxçıvanla Ürgənc arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasının planlaşdırılması da bu baxımdan mühüm hadisə olacaq. Naxçıvan və Ürgənc kimi qədim şəhərlərin əlaqələndirilməsi ortaq tarixi irsin müasir regional əməkdaşlığa çevrilməsinə nümunə ola bilər. Azərbaycan və Özbəkistan arasında turizm əlaqələrinin inkişafı da humanitar yaxınlığın iqtisadi nəticələrindən biridir. Özbəkistan vətəndaşlarının Azərbaycana səfərlərinin artması xalqlar arasında qarşılıqlı marağın gücləndiyini göstərir. Turizm əlaqələri yalnız iqtisadi gəlir yaratmır. Turist digər ölkənin tarixini, memarlığını, mətbəxini, musiqisini və gündəlik həyatını yaxından görür. Bu isə stereotiplərin aradan qalxmasına və xalqlar arasında daha real təsəvvürlərin formalaşmasına xidmət edir. Azərbaycan–Özbəkistan münasibətlərinin mədəni-humanitar istiqamətini Türk dünyasının ümumi inteqrasiya prosesindən ayrı təsəvvür etmək də mümkün deyil. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında fəal rol oynayır. Təşkilatın siyasi, iqtisadi, mədəni və humanitar imkanlarının genişləndirilməsi Azərbaycan və Özbəkistanın ümumi strateji maraqları ilə üst-üstə düşür. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi də Türk dünyasının ortaq mədəni irsinin qorunması baxımından mühüm hadisədir. Bu üzvlük Türk dünyasının mədəniyyət siyasətində yeni əməkdaşlıq imkanları yaradır".

Deputat hesab edir ki, Azərbaycan və Özbəkistanın ortaq irsə münasibəti yalnız keçmişin qorunması ilə məhdudlaşmamalıdır:

" Əsas məqsəd bu irsi müasir gələcəyin qurulması üçün istifadə etməkdir. Tarixi yaddaş xalqları birləşdirən əsas qüvvələrdən biri olsa da, onun gələcək nəsillər üçün canlı qalması üçün müasir təhsil, elm, media və mədəniyyət layihələri ilə tamamlanması lazımdır. Bu baxımdan ortaq rəqəmsal mədəniyyət layihələrinin yaradılması, Azərbaycan və Özbəkistan alimlərinin birgə tədqiqatlarının maliyyələşdirilməsi, ortaq elektron kitabxanaların formalaşdırılması, klassik ədəbiyyat nümunələrinin müasir texnologiyalarla təbliği mühüm nəticələr verə bilər. Gənclər siyasəti də gələcək əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycan və Özbəkistan gəncləri arasında forumların, yay məktəblərinin, könüllülük proqramlarının və innovasiya müsabiqələrinin keçirilməsi iki ölkənin gələcək liderləri arasında birbaşa əlaqələrin yaranmasına imkan verər. Azərbaycan–Özbəkistan münasibətlərinin humanitar aspektində mühüm məqamlardan biri də xalqların qarşılıqlı dəstəyidir. Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa prosesinə Özbəkistanın verdiyi dəstək bunun konkret nümunəsidir. Füzulidə məktəb və “Dostluq bağı” layihələri bu dəstəyin rəmzləridir. Belə layihələr siyasi sənədlərdən daha uzunömürlü mənəvi təsir yarada bilər. Çünki onlar insanların gündəlik həyatında görünən izlər buraxır. Bu gün Azərbaycan–Özbəkistan münasibətlərinin mədəni-humanitar gündəliyi artıq yalnız iki ölkə ilə məhdudlaşmır. O, Türk dünyasının ortaq mədəni məkanının formalaşmasına da töhfə verir. Türk xalqlarının bir-birinə daha çox inteqrasiya etməsi üçün yalnız iqtisadi və siyasi mexanizmlər deyil, vahid mədəni və humanitar platformalar da lazımdır. Azərbaycan və Özbəkistan bu prosesdə mühüm rol oynaya biləcək iki əsas ölkədir. Nəticə etibarilə, Azərbaycan–Özbəkistan münasibətlərinin ən böyük sərvətlərindən biri məhz xalqlar arasındakı təbii yaxınlıqdır. Siyasi liderlərin iradəsi bu yaxınlığı dövlətlərarası münasibətlərə çevirib, iqtisadi layihələr onu maddi əsaslarla möhkəmləndirib, mədəni-humanitar əməkdaşlıq isə bu əlaqələrin sosial dayaqlarını gücləndirib. Bu gün Azərbaycan və Özbəkistan yalnız keçmişin ortaq irsini qoruyan iki qardaş dövlət deyil. Onlar həmin irsdən gələcək üçün yeni əməkdaşlıq modeli formalaşdıran iki müstəqil, güclü və suveren dövlətdir".