Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq:“Gecikmiş, lakin əhəmiyyətli saziş...”
Azərbaycanın təhsil naziri Emin Əmrullayev Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli ilə görüş keçirib. Nazirlər təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı və gücləndirilməsi məsələlərini müzakirə ediblər. Görüşdən sonra Azərbaycan və Gürcüstanın təhsil nazirlikləri arasında təhsil sahəsində əməkdaşlığa dair saziş imzalanacaq. İmzalama mərasimindən sonra nazirlər mətbuat üçün brifinq keçirəcəklər.
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayevin Gürcüstana rəsmi səfəri davam edir. Nazir bu gün Tbilisidə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetini ziyarət edib. Universitetin rektoru Giorgi Şarvaşidze ilə görüşən Emin Əmrullayev iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını, eləcə də Azərbaycan və Gürcüstanın ali məktəbləri arasında əməkdaşlığı müzakirə edib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib. Nazir Emin Əmrullayev Tbilisi Dövlət Universitetində təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.
Təhsil naziri daha sonra Marneuliyə yola düşərək burada Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) və “Çay Evi” Tədris və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olub. Mərkəzdə fəaliyyət göstərən rəqs, xalçaçılıq, rəssamlıq, xarici dil dərnəklərinin şagirdləri öz məharətlərini nümayiş etdiriblər. Emin Əmrullayev daha sonra Marneuli, Qardabani, Bolnisi, Dmanisidəki azərbaycandilli məktəblərin müəllimləri və direktorları ilə də görüşüb. Görüş zamanı azərbaycandilli məktəblərdə təlim-tədrisin inkişafına Azərbaycanın mümkün dəstəyi müzakirə edilib. Görüş zamanı Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, Prezident İlham Əliyev Gürcüstanda yaşayan azərbaycanlıların sosial vəziyyətini hər zaman diqqətdə saxlayır və bu istiqamətdə hər iki ölkənin aidiyəti qurumları arasında birgə iş aparılır.
Nazir Emin Əmrullayev də Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin problemlərinin diqqətdə saxlanıldığını qeyd edib. Vurğulayıb ki, gürcü və Azərbaycan xalqı tarixən sülh və dostluq şəraitində yaşayıb və mehriban əlaqələr hər iki ölkənin ortaq dəyəridir. “Dostlar arasında müzakirə ediləcək məsələlərin olması normaldır. Müstəqillik əldə edildikdən sonra məsələlərin yeni bir bucaq altında müzakirəsi vacib olub”, - deyə nazir bildirib.
İki ölkə arasında təhsil sahəsi üzrə imzalanan əməkdaşlıq sazişinin əhəmiyyəti barədə “Sherg.az”a danışan əslən Borçalıdan olan tarixçi-alim Kərəm Məmmədov bildirib ki, bu saziş əslində gecikib:
“Əsas problem Azərbaycanda olan gürcü məktəbləri və Gürcüstanda olan Azərbaycan məktəbləridir. Çünki orada faktiki olaraq Azərbayacanın dili, ədəbiyyatı, tarixi tədris olunmur. Bu həddindən artıq gecikdirilmiş razılaşmadır. Çünki 5-10 il əvvəl biz deyirdik ki, Gürcüstandandakı azərbaycan məktəblərində müəllimlərin orta yaş həddi 65-dir. İndi yəqin ki, 70-ə çatıb. Bu insanlar uşaqlara hansı təhsili verə bilərlər?! Yaxşı olar ki, komissiyalar, bu işdən başı çıxan insanlar sözügedən məsələləri müzakirə etsinlər”.
Çimnaz Şahlar