Bakı artıq Davos kimi siyasi mərkəzə çevrilib
Burada dünyanın, Avropanın mühüm məsələləri müzakirə edilir
Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatı ölkələri sülhə yaxınlaşdırmaqdadır
"Bakı Qlobal Forumu əsrarəngizdir. Mən düşünürəm ki, Bakı artıq Davos kimi siyasi mərkəzə çevrilib və burada dünyanın, Avropanın mühüm məsələləri müzakirə edilir". Bunu Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya bu gün: Çağırışlar və Ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda iştirak edən Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko jurnalistlərə deyib. O, Avropanın bir sıra hissələrində, o cümlədən Gürcüstan, Qarabağ, Dnestryanı, Ukraynada münaqişələrin davam etdiyini və Rusiyanın Ukraynaya təcavüzünü xatırladıb:
"Elə bir xalq yoxdur desin ki, təhlükəsizlik məsələsi mənim sahəm deyil. Biz bu gün artıq anlayırıq ki, ayrıca olaraq Ukraynanın, Polşanın, Almaniyanın və ya Fransanın təhlükəsizliyi deyə bir anlayış yoxdur. Avropanın yeganə təhlükəsizlik siyasəti var: biz dinc şəkildə yaşayırıq və özümüzü təmin edirik, ya da hər gün Rusiyanın aqressiyası nəticəsində növbəti qurbanları sayacağıq. Buna görə də mən mütəmadi olaraq və dəfələrlə bu forumda iştirak etmişəm”.
"Azərbaycanın son illərdə oynadığı mühüm rol beynəlxalq münasibətlərdə etiraf olunub"
Latviya Prezidenti Egils Levits bildirib ki, Azərbaycanın son illərdə oynadığı mühüm rol beynəlxalq münasibətlərdə etiraf olunub: "Son illər Azərbaycan Prezidenti ilə tez-tez görüşmüşəm və bu gün bu Forumda iştirak edirəm. Ümumiyyətlə, müstəqillik illərində Latviya və Azərbaycan arasında münasibətlər inkişaf edib". Levits deyib ki, Azərbaycan Qoşulmama Hərəkatında aparıcı rol oynayır: “Azərbaycanın son illər ərzində oynadığı mühüm rol beynəlxalq münasibətlərdə etiraf olunub. Azərbaycan sülhün qorunması və qlobal məsələlərlə bağlı bir çoxlarını ilhamlandırıb. Azərbaycan pandemiyaya qarşı qlobal təşəbbüslər irəli sürüb. Beynəlxalq hüquq və ərazi bütövlüyü təməl daşlarıdır. Bu, Azərbaycanın siyasətinin vacib hissəsidir. Bu Forum çərçivəsində də Azərbaycan müxtəlif beynəlxalq məsələləri nəzərdən keçirəcək. Biz bu məsələlərə yaxşı bələd olmalıyıq, bu gün də Forumda böyük təcrübəyə malik insanlar var. Mən Forumun sonunda tövsiyələri gözləyirəm. Məsələn, biz Ukraynaya necə yardım edə bilərik ki, ərazi bütövlüyünü bərpa etsin. Beynəlxalq hüquqa hörmətlə yanaşılmalıdır”.
"Nizami Gəncəvi Beynəlxalq Fondu ideyaların mübadiləsi üçün beynəlxalq hab rolunu oynayır"
Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa deyib ki, Nizami Gəncəvi Beynəlxalq Fondu ideyaların mübadiləsi üçün beynəlxalq hab rolunu oynayır: "Nizami Gəncəvi Beynəlxalq Fondu inandırıcı gücə çevrilir, beynəlxalq platforma kimi qəbul edilir. Bu beynəlxalq platforma ideyaların mübadiləsi üçün artıq beynəlxalq hab rolu oynayır. Bu platforma qlobal narahatlıqlarla bağlı sualları müzakirə etməyə cavab axtarmağa imkan verir". O bildirib ki, qlobal ictimaiyyət təhdid və təhlükələrlə bağlı ortaq anlayışa sahib olarsa və həmrəylik göstərərsə, o zaman bu təhdid və təhlükələrin nəticələri ilə mübarizə daha asan olar. Vike-Freyberqa çıxışında Rusiyanın Ukraynaya təcavüzkar və əssasız müharibə aparması barədə danışıb: "Böyük bir ölkə öz tarixi fantaziyalarına və illüziyalarına əsaslanaraq öz qonşusuna hücum edirsə, bu, qəbuledilməzdir. Ukraynaya qarşı aqressiyasında biz bunu görürük. Azərbaycan din azadlığını qətiyyətlə təmin edir, qadın hüquqlarına hörmət olunur".
"Qlobal Bakı Forumunun formatı daha da genişlənir, yeni üzvlər görürük"
Gürcüstanın sabiq Prezidenti Giorgi Marqvelaşvili jurnalistlərə bildirib ki, Qlobal Bakı Forumu hər zaman yüksəkdə olub və getdikcə bu format daha da genişlənir, yeni üzvlər görürük. O artıq çoxdandır bu forumda iştirak etdiyini diqqətə çatdırıb və vurğulayıb ki, hər dəfə bu prosesə qatılan maraqlı və yeni iştirakçılar görür: “Bu mənim üçün təcrübələri bölüşmək üçün xüsusi formatdır. Biz qlobal problemlər barədə dünyanın müxtəlif regionlarından, müxtəlif perspektivlərdə danışırıq. Bu kontekstdə forum olduqca maraqlıdır”.
"Dünya ictimaiyyəti Dayanıqlı İnkişaf Məqsədlərinə sərmayə yatırmalıdır"
BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru Vinni Byanima bildirib ki, dünya ictimaiyyəti Dayanıqlı İnkişaf Məqsədlərinə sərmayə yatırmalıdır: "Dünyada iqlimdən tutmuş münaqişələrə qədər çağırışlar var. Pandemiyanın elan olunmasından artıq 3 il ötüb. Bu illər ərzində BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı qarşıya qoyulan vəzifələr istədiyimiz kimi icra olunmayıb. Dünya ictimaiyyəti bir araya gəlməli və Dayanıqlı İnkişaf Məqsədlərinə sərmayə yatırmalı, yeni beynəlxalq maliyyə sistemi qurulmalıdır. Bu halda maliyyə ədalətli qaydada yönəldilə bilər”. BMT-nin Baş katibi yanında İİV-lə birgə Mübarizə Proqramının icraçı direktoru qeyd edib ki, il ərzində 1,5 milyon insan İİV-ə yoluxur: “İİV-lə bağlı epidemiya dünyada davam edir. Biz müalicə dərmanlarının hazırlanması üçün sərmayə yatırmalıyıq. Biz vətəndaş cəmiyyəti institutlarının fəallığı ilə müəyyən irəliləyişə nail ola bilərik. Çünki müəyyən mərhələyə qədər müalicə mümkündür. Düşünməliyik ki, çətinliklərin həlli üçün nə edə bilərik. Əslində mən nikbinəm. Birgə Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilərik”.
ÜST-nin rəhbəri Azərbaycan Prezidentinə təşəkkür edib
ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus videomesajında Azərbaycan Prezidentinə təşəkkür edib. Gebreyesus deyib ki, problemləri bizi birləşdirən meyar kimi götürməli, ümumi səhiyyəyə diqqət yetirməliyik: “Səhiyyənin siyasiləşdirilməsi yolverilməzdir, vahid proqram gərəklidir. Vacibdir ki, ölkələr arasında danışıqlar getsin və səhiyyə ilə bağlı ümumi qaydalar müəyyənləşsin”. ÜST-nin baş direktoru qeyd edib ki, bu gün çağırışlar öncəki dövrlərlə müqayisədə azalmayıb: “Bunlar bizi ayırmamalı, birləşdirməlidir”.
"Bəşəriyyət, bəşəri dəyərlər böhranla üzləşib"
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos deyib ki, Bakıda, "odlar ölkəsində" olmaq həmişə gözəldir: "Dünənki qəbula görə mən Azərbaycan Prezidentinə təşəkkür edirəm. BMT-nin Sivilizasiyalar Alyansı və Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir". Moratinos bəşəriyyətin çətinliklərlə üzləşdiyini qeyd edərək əlavə edib ki, bu çətinliklər həm də yeni imkanlar və dəyişiklik üçün ümid yaradır: "Biz qlobal və qeyri-müəyyən dünyada yaşayırıq. İqlim dəyişikliyi, münaqişələr, iqtisadi böhranla üzləşirik. Humanitar dəyərlər deqredasiya edir, nifrət nitqi güclənir, gender, din, dil fərqlərinə görə diskriminasiya artır. Radikal diskrus artaraq yeni normaya çevrilir. İnsanlıq, bəşəri dəyərlər böhranla üzləşir". O, çıxışında Rusiyanın Ukraynada apardığı müharibəyə də toxunaraq onun qlobal nəticələri barədə qeyd edib: "Çoxtərəflilik artıq aradan qalxıb. İkili standartlar çoxtərəfliliyi aradan qaldırıb. Dünyada qütbləşmə gedir. Fərqliliyi, mədəni fərqliliyi müdafiə etmək, qorumaq insanlıq üçün vacibdir. Biz həmrəylik göstərərək çətinliklərin öhdəsindən gələ bilərik", - o söyləyib.
İtaliya Prezidenti X Qlobal Bakı Forumunun işinə uğurlar arzulayıb
İtaliya Prezidenti Sergio Mattarellanın ünvanladığı məktubda bildirilib ki, qarşılıqlı anlaşma, tolerantlıq təşviq edilməlidir: "İfrat yoxsulluğa qarşı mübarizə dövrün ən mühüm çağırışlarından biridir. Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirirəm, Foruma uğurlar arzulayıram”.
"Britaniya “yaşıl enerji”yə keçid məsələsində Azərbaycanın əsas tərəfdaşı olacaq"
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunakın məktubunda isə qeyd olunub ki, Ukrayna xalqı mübarizə aparır, Rusiyanın apardığı müharibə böyük çətinliklər yaradıb: "Avropanın gələcəyi Ukraynanın qələbəsindən keçir. Rusiya manipulyasiya və nəzarət məqsədilə enerji resurslarından istifadə edir". Baş nazir vurğulayıb ki, bu gün Azərbaycanın “yaşıl enerji” təşəbbüsü, Qara dənizin dibi ilə ötürülməsi məsələsi çox vacibdir: "Bundan sonra Böyük Britaniya “yaşıl enerji”yə keçid məsələsində Azərbaycanın əsas tərəfdaşı olacaq".
"Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatı bizi sülhə yaxınlaşdırmaqdadır"
Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kidirali bildirib ki, Qazaxıstan hər zaman sülh tərəfdarı olduğunu göstərib. Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qida təhlükəsizliyinin mərkəzi halına gəlib. O, hazırkı Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin xarici işlər naziri olduğu dövrdə irəli sürülən təşəbbüslə 29 avqustun Dünya Nüvə Təhlükəsizliyi Günü olaraq qəbul edildiyini söyləyib: “Qazaxıstan hər zaman sülh tərəfdarı olduğunu göstərib. Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qida təhlükəsizliyinin mərkəzi halına gəlib.
Hər il Qazaxıstan 7 milyon ton buğda ixrac edir. Qazaxıstan İslam Əməkdaşlıq təşkilatı çərçivəsində müxtəlif ölkələrə kömək etməkdədir”. Türkiyədə baş verən zəlzələni xatırladan Darxan Kidirali qeyd edib ki, Qazaxıstan qardaş Türkiyəyə də yardım edib: “Bizi birləşdirən Xəzər dənizidir. Yaxın illərdə Xəzərin 9-30 metr çəkiləcəyi bildirilir. Xəzəryanı ölkələr bu problemin aradan qaldırılmasına çalışmalıdır. Digər tərəfdən, hibrid savaşlar, feyk informasiyalar gənclərin düşüncə tərzinə mənfi təsir edir. Hibrid savaşlar da artıq ortaq problemimiz halına gəlib. Süni intellekt də yaxın gələcəkdə təhlükə olacaq, etik məsələlər gündəmə gəlməlidir.
Bu kimi problemlərə çarə axtarmaq üçün bu Forum yaxşı bir platformadır. Azərbaycanın sədri olduğu Qoşulmama Hərəkatı da bizi sülhə yaxınlaşdırmaqdadır. Bugünkü Forumun bizi gözəl dünyaya daha bir addım yaxınlaşdırmasını arzulayıram”.