Bakı-Tbilisi sərnişin qatarının gediş haqqı nə qədər olacaq? - EKSPERT RƏYİ

“ADY yemək seti ilə bilet qiymətlərini süni şəkildə bahalaşdırır”

"Ümid edirəm Bakı - Balakən qatarında tətbiq edilən "komfort”, "elit" prinsiplər , zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq"

Bakı -Tbilisi sərnişin qatarının hərəkətinin bərpa olunacağı xəbəri ictimaiyyətdə nə qədər böyük sevinclə qarşılandısa, gediş haqqının nə qədər olacağı da bir o qədər maraq kəsb edir.

Azərbycan İnternet Forumun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz "Sherg.az"a açıqlamasında qeyd etdi ki, ADY hələ ki biletlərin qiymətini elan etməyib. Lakin O.Gündüz ictimai nəqliyyata münasibətdə qüsurlu yanaşmanın olmayacağına ümid edir: 

- Bakı-Tbilisi qatarına qiymətlər necə olacaq, hamını maraqlandırır. Xatırlayıram ki, 5 illik fasilədən sonra bərpa olunan Bakı - Balakən qatarı üçün müəyyən olunan hədsiz yüksək qiymətləri Azərbaycan Dəmir Yolları “komfort”, “VIP zal”, "dünya təcrübəsi"ilə izah etmişdi. Hansı ki, daxili bir reysdə vətəndaşa zorla mənasız bir yemək seti təklif edərək, qiyməti süni qaldırmaq halıyla heç bir yerdə rastlaşmaq mümkün deyil. Öz evindən gələn yerli vətəndaşların əksəriyyəti isə gecə 12-də verilən bu setdən istifadə etmir. Zorla təqdim edilən yemək seti yalnız qiymət artımına şərait yaradır ki, həm də məhz buna görə də "SV"nin qiyməti 72-100 manat arasında dəyişir. Əvvəllər bu 22 manat 50 qəpik olub. Ümumiyyətlə isə, ADY-nin Bakı - Balakən üçün təklif etdiyi qiymətlər vaqonun tipindən asılı olaraq əvvəlkilərdən 3-4 dəfə bahadır.Əvvəllər Plaskart 7-8 manat idi, hazırda ən yaxşı halda 18-25 manatdan başlayır. Əvvəllər kupe 13 manat idi, hazırda ən yaxşı halda 27 -33 manatdan başlayır. Qeyd olunan yemək setinin zorla deyil, seçimlə olması, yalnız turistlərə təqdim edilməsi təklifini isə ADY rəhbərliyi indiyədək yaxın buraxmayıb. ADY-nin son illərdə dəmir yolu infrastrukturunun bərpası istiqamətində atdığı addımlar nə qədər təqdirəlayiq olsa da, təklif etdiyi qiymət siyasəti heç bir halda ağlabatan olmayıb. Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu “komfort”, elit bir formaya salmaqla zorla yemək seti verib süni qiymət artımı yaratmaq doğru bir hal deyil. İctimai nəqliyyat üçün bu tip yanaşma qüsurludur. Bakı - Tbilisi qatarının qiymətlərin necə olacağını hələlik ADY açıqlamayıb. Ümid edirəm Bakı - Balakən qatarında tətbiq edilən "komfort”, "elit" prinsiplər , zorla yemək seti təqdim etmək prinsipləri olmayacaq.