- “Bütün iqtisadi və sosial imkanları Bakıya topladıq, nəticə qaçılmaz idi”
- “Kredit portfelinin 80%-i Bakının payına düşürsə, şəhərdə tıxac da olacaq”
Azərbaycanda bankların kredit qoyuluşları 2026-cı il avqustun 31-də 32 milyard 824,2 milyon manat təşkil edib. Bu, ötən ilin eyni tarixi ilə müqayisədə 4 milyard 119,3 milyon manat və ya 14,4% çoxdur.
Belə bir rəsmi statistikanın açıqlandığını bildirən iqtisadçı Natiq Cəfərli 1 aya yaxındır Bakı əhalisinin qarşılaşdığı dözülməz tıxac problemini doğuran səbəbin birinin və bəlkə də ən əsasının məhz buradan doğduğu fikrindədir. Sosial şəbəkədə paylaşım edən N.Cəfərli qeyd edir:
- Məbləğ baxımından ən böyük artım Bakıda qeydə alınıb. Paytaxtda kredit qoyuluşları illik 3 milyard 251,7 milyon manat və ya 14,9% artaraq 25 milyard 65 milyon manata çatıb. Bu artım ölkə üzrə ümumi artımın təxminən 79%-nə bərabərdir. Kredit portfeli artımının, portfelin tamamının 80%-i Bakının payına düşürsə, şəhərdə tıxac da olacaq, dözülməz şərait də - məmləkətin bütün iqtisadi, sosial, mədəni fürsətlərini Bakıya toplayanda belə nəticə qaçılmaz idi. Hər gün gördüyümüz, yaşadığımız nəticəni saatlarla müzakirə etsək nə dəyişəcək ki?! Bu nəticəni doğuran səbəblər yerindəcə durur, hətta artır da.