Bayrağımızın rəngləri təsadüfən seçilməyib: Türkoloq üçrəngli rəmzimizin fəlsəfəsini AÇDI

  • Bu fəlsəfənin əsasında türklük, müasirlik və İslam dəyərləri dayanır:

Bu gün – 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə təcəssüm etdirən üçrəngli bayrağımız tariximizin ən mühüm rəmzlərindən biridir.

Göy, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan dövlət bayrağımız xalqımızın keçmişini, bu gününü və gələcəyə baxışını özündə birləşdirir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayrağımız ötən illər ərzində milli qürur və azadlıq rəmzinə çevrilib. Bu gün ölkəmizin hər bir guşəsində, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan bayrağımız dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün ifadəsidir.

Qürurumuzun, milli kimliyimizin və azadlıq iradəmizin rəmzi olan üçrəngli bayrağımızın hər dalğalanışı xalqımızın müstəqillik yolunda keçdiyi çətin və şərəfli tarixi, bu yolda göstərdiyi fədakarlıqları və azadlıq uğrunda apardığı mübarizəni xatırladır. O, hər bir azərbaycanlının qəlbində Vətən sevgisini, milli qüruru və dövlətinə bağlılığı yaşadan müqəddəs dəyərdir.

Mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablandıran türkoloq-alim Faiq Ələkbərli üçrəngli bayrağımızın tarixi köklərindən, rənglərinin daşıdığı fəlsəfi mənadan və milli ideoloji mahiyyətindən danışıb:

"Azərbaycanın 9 noyabr 1918-ci ildə qəbul etdiyi üçrəngli dövlət bayrağının zəngin tarixi keçmişi və dərin fəlsəfi mahiyyəti var. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunarkən qəbul edilən ilk dövlət bayrağı qırmızı rəngdən və səkkizguşəli ulduzdan ibarət olub. Lakin sonradan üçrəngli bayrağa keçid də təsadüfi qərar deyil, Azərbaycan xalqının milli kimliyini və tarixi-mənəvi dəyərlərini daha dolğun ifadə etmək məqsədi daşıyıb: "Tarixə nəzər saldıqda türk xalqlarının dövlətçilik ənənələrində göy rəngin xüsusi yer tutduğunu görmək mümkündür.

Türk xalqlarının tarix boyu ən çox müraciət etdiyi rənglərdən biri məhz göy olub. Təbii ki, qırmızı və yaşıl rənglərdən də istifadə edilib. Ancaq tarixin dərinliklərinə nəzər saldıqda göy rəngin türk dövlətçilik ənənəsində xüsusi mövqeyə malik olduğunu görürük. Bu rəng yalnız səmanı və asimanı deyil, həm də türklüyü, qədim türk dünyagörüşünü və Tanrı inancını ifadə edir. Göytürk xaqanlığından Səlcuq dövlətinə qədər bir çox türk dövlətlərinin rəmzlərində göy rəngə rast gəlirik. Bu baxımdan, göy rəng türk xalqları üçün sadəcə rəng deyil, həm də fəlsəfi və mənəvi dəyərdir”.

Faiq Ələkbərlinin fikrincə, Azərbaycan bayrağında qırmızı rəngin yer alması da tarixi ənənələrlə bağlıdır. O bildirib ki, türk dövlətlərinin tarixində qırmızı və qızılı rənglər də mühüm yer tutub:

"Müasir Azərbaycan bayrağında qırmızı rəng çağdaşlaşma və inkişaf ideyasını ifadə etməklə yanaşı, digər tarixi-mədəni mənalar da daşıyır. Üçrəngli bayrağın qəbul edilməsi Məhəmməd Əmin Rəsulzadənin və onun silahdaşlarının milli ideoloji baxışlarının məntiqi nəticəsi idi. Rəsulzadə, Nəsib bəy Yusifbəyli və digər Cümhuriyyət qurucularının düşüncəsində üçrəngli bayraq ideyası əvvəldən mövcud olub. Sadəcə, həmin dövrdə Osmanlı dövləti ilə münasibətlər, hərbi-siyasi əməkdaşlıq və Azərbaycana göstərilən hərbi yardım kimi amillər ilk bayrağın fərqli formada qəbul edilməsinə təsir göstərmişdi. Lakin mən hesab edirəm ki, Rəsulzadənin və onun silahdaşlarının düşüncəsində milli kimliyimizi daha dolğun ifadə edən üçrəngli bayraq ideyası əvvəldən var idi. Birinci Dünya müharibəsinin sonlarına doğru baş verən proseslər və Azərbaycanın müstəqil dövlət kimi öz varlığını təsdiqləməsi bu ideyanın gerçəkləşməsinə şərait yaratdı. Bu, sadəcə bayrağın dəyişdirilməsi deyil, Azərbaycan xalqının milli kimliyinin və dövlətçilik fəlsəfəsinin daha dəqiq ifadə olunması idi”.

Alim əlavə edib ki, üçrəngli bayrağımızın hər bir rəngi ayrı-ayrılıqda mühüm məna daşısa da, onların vəhdəti bütöv bir milli fəlsəfəni ortaya qoyur. Onun sözlərinə görə, bu fəlsəfənin əsasında türklük, müasirlik və İslam dəyərləri dayanır:

“Əli bəy Hüseynzadə, Ziya Göyalp və Məhəmməd Əmin Rəsulzadə kimi fikir adamları əsrlərin dərinliyindən gələn bu ideoloji düşüncəni dövlətçilik müstəvisində gerçəkləşdirdilər. Göy və yaşıl rənglər türk dünyagörüşündə müəyyən mənada bir-birini tamamlayan mənəvi məna daşıyır. Burada göy və yer, Tanrı və insan, mənəvi dəyərlər və dünyəvi həyat arasında bir bağlılıq var. İnsan isə bu iki aləm arasında ədalətin təmsilçisi olmalıdır. Türk və Azərbaycan insanının əsas vəzifəsi zülmə qarşı dayanmaq, ədaləti qorumaq və mənəvi dəyərlərə sahib çıxmaqdır. Məncə, bayrağımızın daşıdığı əsas mesajlardan biri məhz budur”.

Türkoloq hesab edir ki, Azərbaycan bayrağının tarixi yalnız onun rəsmi dövlət rəmzi kimi qəbul edildiyi dövrlə məhdudlaşmır. Bu bayrağın ifadə etdiyi ideyalar Azərbaycan xalqının, eləcə də digər türk xalqlarının minilliklərə söykənən tarixi və mənəvi dəyərlərində öz əksini tapır. Onun sözlərinə görə, türk dövlətlərinin bayraqlarında rənglərin və rəmzlərin müəyyən oxşarlıq təşkil etməsi də ortaq tarixi köklərlə bağlıdır: “Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycanda, eləcə də Rusiya Federasiyası daxilində yaşayan türk xalqlarının milli rəmzlərində bu ortaq tarixi-mədəni izləri görmək mümkündür. Tatarıstan, Başqırdıstan, Yakutiya, Xakasiya, Tuva və digər türk xalqlarının rəmzlərində də bu bağlılığın müəyyən elementləri qorunub saxlanılır. Bu baxımdan, üçrəngli bayrağımız bizim üçün yalnız keçmişimizin deyil, həm də bu günümüzün və gələcəyimizin ifadəsidir. Ona görə də bayrağımızın daşıdığı idealları gələcək nəsillərə düzgün şəkildə çatdırmalıyıq”.

Alimin fikrincə, türklük anlayışı yalnız qan və gen bağlılığı ilə məhdudlaşmır: "Bu anlayışın mahiyyətində ədalət, insanlıq, haqqın müdafiəsi və məzlumun yanında olmaq kimi mənəvi dəyərlər də dayanır. Türk dünyagörüşündə haqqın və ədalətin qorunması, bu dəyərlər uğrunda mübarizə aparmaq mühüm yer tutur. Ekspert bayrağımızdakı hər üç rəngin ayrıca fəlsəfi məna daşıdığını vurğulayıb. Onun sözlərinə görə, qırmızı rəngi yalnız qanla əlaqələndirmək düzgün deyil:

"Bu rəng həm də mübarizəni, ruh yüksəkliyini, iradəni və mücadilə əzmini ifadə edir. Yaşıl rəng isə İslam dəyərləri ilə yanaşı, təbiətə, insana və həyata sevgini də özündə ehtiva edir. Göy, qırmızı və yaşıl rənglər ayrı-ayrılıqda müəyyən mənalar daşısa da, onların əsas mahiyyəti bir bütöv təşkil etmələrindədir. Azərbaycan bayrağının fəlsəfi zənginliyi də məhz bu vəhdətdən qaynaqlanır. Göy rəng türklüyü və mənəvi dünyagörüşümüzü, qırmızı rəng çağdaşlığı, inkişafı və mübarizə ruhunu, yaşıl rəng isə İslamı və insanlığa sevgini ifadə edir. Burada söhbət yalnız üç fərqli rəngdən deyil, bütöv bir dünyagörüşündən gedir. Türklük, müasirlik və İslam dəyərləri bir-birinə zidd deyil, əksinə, bir-birini tamamlayan mənəvi və mədəni anlayışlardır. Azərbaycan mədəniyyəti də bu dəyərlərin vəhdəti əsasında formalaşan zəngin irsi özündə birləşdirir. Gələcək nəsillərə bu idealları çatdırarkən türklüyü, müasirliyi və İslamı yalnız ayrı-ayrı anlayışlar kimi təqdim etməməliyik. Onların hər birinin əsasında insanlıq, ədalət, haqq və mənəvi dəyərlərə bağlılıq dayanır. Məncə, bayrağımızın əsas fəlsəfəsi də bu bütövlükdə ifadə olunur”.