ABŞ-da prezidentlik yarışı indidən qızışır: Trampın varisi kim olacaq?

ABŞ-da prezident seçkilərinə iki il qalmış siyasi kulislərdə fəallıq artıb. Respublikaçılar Partiyasında Donald Trampdan sonrakı dövr üçün namizəd axtarışı davam edərkən, Demokratlar Partiyasında da mümkün namizədlərin adları tədricən gündəmə gəlir. Hər iki partiyanın seçkilərdə hansı namizədlə təmsil olunacağı maraq doğurur.

Sherg.az “Hurriyet” ə istinadən xəbər verir ki, İstanbul Aydın Universitetinin müəllimi Yeliz Albayrak 2028-ci il prezident seçkilərində mümkün namizədləri dəyərləndirib.

Onun fikrincə, vitse-prezident Cey Di Vens Trampın siyasətindən narazı olan respublikaçı seçicilərin dəstəyini qazana bilər. Demokratlar Partiyasında isə Kamala Harrisin yenidən namizədliyini irəli sürməsi mümkündür.

“Cey Di Vens hazırda ən güclü namizəddir”

Albayrak Cey Di Vensin İrana qarşı hücumlar və İsraillə əməkdaşlıq məsələlərində Tramp və Marko Rubiodan fərqli olaraq daha məsafəli mövqe tutduğunu xatırladıb.

“Vens bütün bu böhranların ilk mərhələsindən etibarən onların tərəfdarı olmayıb. Bir müddət susmağa üstünlük verib”, - deyə o bildirib.

Ekspertin sözlərinə görə, Trampı dəstəkləyən MAGA (“Amerikanı yenidən möhtəşəm et”) hərəkatı daxilində də fikir ayrılıqları mövcuddur. Bu baxımdan, Cey Di Vens Respublikaçılar Partiyasının mümkün namizədləri arasında ön plana çıxır.

Marko Rubionun şansı necə qiymətləndirilir?

Albayrak Respublikaçıların mümkün namizədlərindən biri olan Marko Rubionun da şanslarını dəyərləndirib. Onun fikrincə, Rubio Trampın mübahisələrə səbəb olan siyasətinə daha yaxın mövqedədir və Venslə müqayisədə ciddi üstünlüyə malik deyil.

Ekspert Florida ştatının qubernatoru Ron DeSantisin də mümkün namizədlər sırasında ola biləcəyini bildirib. O xatırladıb ki, DeSantis əvvəlki prezident seçkilərində namizədliyini geri götürərək Trampı dəstəkləmişdi. Albayrakın fikrincə, onun Vensə güclü alternativə çevrilməsi çətin görünür.

Keçmiş vitse-prezident Mayk Pens və sabiq dövlət katibi Mayk Pompeo da Respublikaçılar Partiyasında ənənəvi mühafizəkar xətti təmsil edən siyasətçilər kimi nəzərdən keçirilir. Lakin ekspert onları hazırda güclü namizədlər sırasında görmür.

Demokratlarda üç mümkün namizəd

Demokratlar Partiyasında isə Kamala Harris, Kaliforniya ştatının qubernatoru Qevin Nyusom və Pensilvaniya ştatının qubernatoru Coş Şapiro mümkün namizədlər kimi müzakirə olunur.

Albayrak bildirib ki, Trampa qarşı sərt tənqidi mövqeyi ilə seçilən Nyusomun, eləcə də hələ də populyarlığını qoruyan Harrisin namizədliyi gündəmdədir. Onun sözlərinə görə, Harrisin yenidən prezidentliyə namizəd olmaq niyyəti ilə bağlı partiyadaxili müzakirələr də aparılır.

Ekspert Demokratlar Partiyasında həm daha solçu, həm də daha mülayim siyasi xətti təmsil edən namizədlərin ortaya çıxa biləcəyini istisna etməyib.

Albayrakın fikrincə, seçkiyə yaxın keçiriləcək rəy sorğuları namizədlərin real mövqelərini daha aydın göstərəcək. O, hər iki partiyada dəyişiklik meyillərinin olduğunu və yarışa yeni simaların da qoşula biləcəyini vurğulayıb.

Ekspert qeyd edib ki, seçicilər həm Respublikaçılar, həm də Demokratlar Partiyasında dəyişiklik gözləyirlər. Demokratların mümkün namizədinin partiyanın hansı siyasi qanadını təmsil edəcəyi də qarşıdakı dövrdə diqqət mərkəzində olacaq.