Azərbaycan və Türkiyə bayraqlarına dəstək kampaniyası başladı
Aprelin 23-də İrəvanda qondarma “erməni soyqırımı”nın ildönümü ilə bağlı keçilən yürüşdə Türkiyə və Azərbaycanın dövlət bayraqları yandırılıb.
Hətta Ermənistan KİV-i ölkənin Baş naziri Nikol Paşinyanın hadisəni pislədiyini yazıb.
Yürüş iştirakçılarının bayrağı yandırması sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.
Ölkəmizdə və Türkiyədə də bu hadisə qəti şəkildə pislənib. Aydınlarımız estafet başladaraq ədiblərimizin şeirləri ilə Azərbaycan və Türkiyə bayraqlarını öz sosial şəbəkələrində paylaşmağa başlayıblar.
Estafeti başladan jurnalist-publisist Ramilə Qurbanlı Sherg.az-a danışıb:
"Murdar, xəbis xislətlərindən əl çəkməyən ermənilərin Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını yandırdıqlarının video-xəbəri qarşıma çıxanda hirsləndim. Lakin qürur duydum ki, onları qəzəbləndirən türkün qüdrətidir. Özümdən asılı olmayaraq hər iki türk dövlətinin bayrağını bayraq haqqında sevdiyim şeirlə paylaşdım. Paylaşanda ağlıma gəldi ki, bunu dostlarla da bölüşərək estafet başladım və səhifələrimizi türk bayraqları bəzəsin. Bu da bizim özümüzə, adımıza layiqli cavabımız olsun. Bununla da onlar kimi dövlət atributunu təhqir edəcək qədər aşağı səviyyəli, cılız millət olmadığımızı bir daha nümayiş etdirək. Bayraq haqqında şairlərimizin - Cəfər Cabbarlının, Əhməd Cavadın, Bəxtiyar Vahabzadənin və digərlərinin çox gözəl şeirləri var. Sağ olsunlar dostlar da bu şeirlərlə estafetə qoşuldular".
Ramilə Qurbanlı Azərbaycan və Türkiyə bayraqlarını yandıranların bu hərəkətini kəskin şəkildə qınayıb:
"Bu hadisəni törədənlər elə bildilər ki, bizi, bayrağımızı təhqir etdilər, lakin əksinə özlərinin nə olduqlarını bir daha sübuta yetirdilər. Bizim bayrağımız isə Cəfər Cabbarlının dediyi kimi:
"Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yıldızlardan hilaldan da yüksəklərdə fırlanıyor..."".