- "Mətin Eynullayevin məsələyə yanaşmasını yalnış addım hesab edirəm. Qurum rəhbəri diqqəti problemin həllinə yox, problemin yaranmasında əsas günah sahibi kimi vətəndaşı göstərir"
Sənədsiz evlərə görə vətəndaşın günahlandırılması ən asan yoldur. Zaman-zaman rüşvət alıb vətəndaşa hansısa ərazidə fərdi ev tikməyə “icazə verən”, qanunuzluğu yaradan məmurlar sudan quru çıxmağın – cəzadan yayınmağın yolunu bunda görürlər.
Qanunla rüşvət verən də gühankardır, alan da. Bu, ayrı məsələ. Lakin illərlə həll olunmayan problemi yalnız vətəndaşın üzərinə yıxmaq nə dərəcədə ədalətlidir? Bu günlərdə Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin sənədsiz evlər probleminin yaranmasına görə vətəndaşları günahlandırıb. Guya ki kimsə kefindən sənədsiz ev tikir, kənddən məcburiyyət qarşısında şəhərə gələn vətəndaşın daldalanmaq üçün evi olmalıdır, ya yox? Bəs bu ev tikiləndə həmin ərazinin icra hakimiyyəti hara baxırdı? Əlbəttə, vətəndaşın ondan tələb olunan pulu verib-vermədiyinə. Bu, hər kəsə gün kimi aydındır: torpağın pulu ödənilir, tikintiyə qeyri-rəsmi icazə verilir, sonra işə başlanır. İcraya pul ödənməmiş kimə icazə verərlər iki daşı üst-üstə qoysun? Həmin pulların hara, kimlərin cibinə getdiyi, dövlətdən gizlədildiyi də ayrı mövzudur. Belə olan halda niyə əziyyəti ancaq vətəndaş çəkməlidir?
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Sherg.az-a açıqlamasında M.Eynullayevin çıxışından xəbərdar olduğunu dedi:
- M.Eynullayev sənədsiz evlərlə bağlı "maraqlı fikirlər" səsləndirib. Gec də olsa bu məsələyə münasibət bildirməyi özümə borc bilirəm. Qurum rəhbəri diqqəti problemin həllinə yox, problemin yaranmasında əsas günah sahibi kimi vətəndaşı göstərir. Mətin Eynullayevin məsələyə bu prizmadan yanaşmasını yalnış addım hesab edirəm. Təklif edərdim ki, məsələni iki kateqoriyaya bölməklə bir növ fikri əsas məsələdən yayındırmaqdansa, otuz ildən artıq bir müddətdə sənədsiz mənzildə yaşayan, hər bir kommunal xidmətdən yararlanan vətəndaşa problemin həllini göstərsəydi daha yaxşı olardı. Rəisin diqqətinə çatdırmaq istərdim ki, bu problemin yaranmasında günahı tək vətəndaşın üzərinə atmaq ən azı insafsızlıqdı, ədalətsizlikdir. Bunu rəisin özü də bilməmiş deyil. Bu açıqlamanın əvəzinə Mətin Eynullayev vətəndaşı və bələdiyyələri ciddi şəkildə narahat edən bəzi suallara cavab versəydi daha məqbul olardı. Məsələn, bu gün vətəndaşın torpaq sənədləşdirməsi ilə bağlı hər bir müraciətinə niyə imtina cavabı verilir. Mətin Eynullayevin rəhbəri olduğu qurumda vahid elektron xəritə nə vaxt hazır olacaq? Rəis bilirmi ki, bu günədək kadastr, reyestr və əmlak xidmətinin özündə vahid elektron xəritə yoxdur? Baxmayaraq ki, bu xəritənin hazırlanmasına kifayət qədər vəsait ayrılıb. Dürustləsdirmə nə vaxt başa çatacaq? Bunu da vətəndaş yaradıb? Məhz M.Eynullayevin rəhbərlik etdiyi qurumun təklifi ilə Qiymətləndirmə Palatası yaradılıb. Palatadakı vəziyyət barəsində rəisin məlumatı varmi, niyə palatanın üzv olduğu MMC-lərin rəyləri xidmət tərəfindən qəbul olunmur?
Günahı vətəndaşın üzərinə atmaq yox, müraciətlərə vaxtında, qanunun tələb etdiyi vaxtda cavablandırmağı düşünmək lazımdır. Bir sənədin qeydiyyata alınması aylar və illər çəkir. Bu gün heç bir səbəb olmadan xidmət tarifləri artırılıb. Niyə, hansı səbəbdən? Bütün hallarda bu gün Mətin Eynullayevin rəhbəri olduğu qurumdan heç də hər kəs xoş soz deyə bilmir. Çünki qurum rəsmiləri vətəndaşlar arasında o qədər süni problem yaradıblar ki, bu sözü deməyə bir əsas da yoxdur.