Brüssel görüşünə saatlar qalır

Kreml öz emissarını Bakıya və İrəvana göndərdi

“İqor Xovayevi bölgəyə göndərənlərin məqsədi tərəflərin Brüssel və Kişinyovda hansı razılaşmalar əldə edilə biləcəyini ilk mənbədən öyrənməkdir”


  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlar, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub. 

C.Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəsinin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O, eyni zamanda Ermənistanın sülh prosesinə və danışıqlara "xələl gətirən təxribatçı addımları" barədə qarşı tərəfə məlumat verib. İqor Xovayev isə regionda sülh və sabitliyin təmin olunmasının olduqca vacib olduğunu və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib. Xatırladaq ki, İqor Xovayev mayın 10-da İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyan və digər yüksəkvəzifəli şəxslərlə müzakirələr aparıb. 

O, İrəvanda səfərdə olarkən Azərbaycan və Ermənistanın delimitasiya olunmamış sərhədində ağır silahlardan istifadə edilməklə qarşılıqlı atışmalar olub. Paşinyan-Xovayev görüşü zamanı Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonundakı vəziyyət, eləcə də Laçın dəhlizi ilə bağlı məsələlər müzakirə edilib. Sonuncu dəfə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İqor Xovayev 2023-cü ilin fevralında Ermənistanda olub. 

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüssel görüşünə saatlar qalmış Kreml öz emissarını Bakıya və İrəvana göndərdi: 

"Rusiya xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev əvvəlcə Bakıya gəlib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İqor Xovayev sülh sazişi üzrə danışıqlar barədə fikir mübadiləsi aparıblar. İqor Xovayevi bölgəyə göndərənlərin məqsədi tərəflərin Brüssel və Kişinyovda hansı razılaşmalar əldə edilə biləcəyini ilk mənbədən öyrənməkdir. Kreml açıq-aşkar Azərbaycan və Ermənistan liderlərinin Brüssel və Kişinyov görüşlərindən narahatdır. Bu mənada sərhəddəki son təxribatların təsadüf olmadığına dair ciddi şübhələr var".