Başı başqa bədənə köçürüb yüz illərlə yaşadacaqlar - Çindən qan donduran əməliyyat

Çin alimləri insan ömrünü yüz illərlə uzada biləcək qeyri-adi texnologiya üzərində çalışırlar.

Musavat.com xəbər verir ki, Çin Ənənəvi Tibb Universitetinin İkinci Əlaqəli Xəstəxanasının ortopediya şöbəsinin direktoru, professor Syaopin Ren baş transplantasiyasının insanlara yüz illərlə yaşamaq imkanı verə biləcəyini açıqlayıb.

Professorun sözlərinə görə, elm artıq belə bir əməliyyatın mümkünlüyünə dair müəyyən sübutlara malikdir. Bununla belə, tədqiqatların davam etdirilməsinə ehtiyac var.

Syaopin Ren hesab edir ki, insan başının gənc bədənə köçürülməsi yaxın gələcəkdə reallığa çevrilə bilər.

Xatırladaq ki, 2015-ci ildə italiyalı cərrah Sercio Kanavero insan başının transplantasiyasını nəzərdə tutan HEAVEN/AHBR layihəsini elan etmişdi. Çinli professor Ren də həmin layihədə iştirak edib.

2016-cı ilin sonunda tədqiqatçılar siçanlar və meymunlar üzərində aparılan təcrübələr barədə məlumat yayıblar. Heyvanlar üzərində təcrübələrdə siçanların başlarının başqa bədənlərə köçürülməsindən sonra bəzilərinin sağ qaldığı bildirilib. Təcrübələrdə siçanların yarıdan çoxu 24 saatdan artıq, ən uzun yaşayanı isə altı ay sağ qalıb. Meymunlar üzərində aparılan sınaqlarda da müəyyən nəticələr əldə edildiyi açıqlanıb.

Daha sonra Çin alimləri 2017-ci ildə Harbin Tibb Universitetində iki vəfat etmiş insan arasında baş transplantasiyası üzrə 18 saat davam edən əməliyyat həyata keçirdiklərini açıqlayıblar. Əməliyyat zamanı cərrahlar vəfat etmiş bir insanın başını digərinin bədəninə birləşdirməyi sınaqdan keçiriblər. Lakin hər iki insan əvvəlcədən vəfat etdiyi üçün əməliyyatdan sonra bir nəticə əldə olunmayıb.

Alimlər sinir liflərinin birləşdirilməsi üçün polietilenqlikoldan və onurğa beyninin stimullaşdırılması üsullarından istifadə edilməsini təklif ediblər.