"Dostlardan biri ilə söhbətləşirəm. Deyir Qara bayrama hazırlaşıram. Deyirəm nə Qara bayram? Cavablandırır ki, bəs 6 ay öncə atam rəhmətə getmişdi, indi də evə qohumlar gələcək Qara bayramı qeyd etməyə. Deyirəm ki, koronavirusa görə təxirə sal, adamlara da izah et ki, gedib qəbirstanlıqda özləri ayrıca ziyarət edib evlərinə dönsünlər. Deyir ki, adamlar izah ediləsi kateqoriyadan deyillər, yemək vaxtı gəlib qapını kəsəcəklər ki, bəs kişinin xatirəsinə biganə qala bilmərik. Evə də buraxmasan, bütün ellilərimizə, qohum-əqrabaya söyləyəcəklər ki, bəs adam atasının ruhuna beş manatını qıyıb ehsan vermədi. Bu adamlara təhlükənın mahiyyəti hələ çatmayıb, onunla lağlağı edirlər".
Sherg.az xəbər verir ki, bu sözləri özünün feysbuk səhifəsində millət vəkili Fazil Mustafa yazıb. Deputat daha sonra sözlərinə əlavə edir:
- Öz həyatlarının mənasını onsuz da anlamırlar, başqasının həyatına da öz həyatları kimi mənasız baxırlar. Anlamaq istəmirlər ki, zərurət olmadıqca kütləvi toplanma yerlərindən uzaq dürmaq təhlükəsizlik şərtlərindən biridir. Bu insanlar anlamaq istəmir ki, İslam dinində Qara Bayram deyilən heç bir mərasim yoxdur, cəmi iki bayram var, bunlar da Qurban və Ramazan bayramlarıdır. Bayram sözünün etimologiyası da birbaşa göstərir ki, onun qarası ola bilməz. Üstəlik İslamda 40 və il mərasimi də yoxdur, bunu İslam adına adət olaraq edirlər. Bu ərəfədə heç olmazsa kütləvi şəkildə 40 və il mərasimlərinin də təxirə salınması ən doğru addım olardı. Ağlı başında, əxlaqı yerində olan kimsə bu addımınıza görə əsla sizi qınamayacaq. Heç türk inancında da qara bayram anlayışı yoxdur. Hələ bir qrup insan var ki, məsciddə imkan verilmədiyinə görə cümə namazını dostları ilə qılmağa yer axtarır. Bunun adı dindarlıq deyil ki? Quran deyir ki, ağlınızı işlədin, bu cür şərtlərdə ehtiyatınızı əldən verməyin. Yəni evində təklikdə gündəlik namazını qıl, nə özünü, nə də başqasını təhlükəyə soxma. Toplumun salamatlığı üçün camaatla birlikdə davranmaq özü də imandan sayılır. Bu axmaq vərdişləri İslam dininin içində, milli yaşamımıza dolduranlar həm də nəzərə alıblar ki, bizlər ən müasir texnologiya dövründə belə, öz cəhalət, xurafat sevgimizdən yüz kərə anlatsan da, başa salsan da, əl çəkməyəcəyik. Ancaq yenə də bu cür insanlara da gücümüz yetən səviyyədə anlatmalıyıq ki, təhlükəyə ciddi yanaşmaq lazım, burada azacıq ehtiyatsızlıq, azacıq biganəlik insanın təkcə özü üçün deyil, çevrəsi üçün də arzuolunmaz nəticələr doğura bilər.
Turan