Lukaşenko: Ukraynadakı müharibə yaxın aylarda başa çata bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Rusiya-Ukrayna müharibəsi yaxın aylarda başa çata bilər.

"Report" BELTA-ya istinadən xəbər verir ki, o, bu barədə Avrasiya təhlükəsizliyi üzrə IV Minsk Beynəlxalq Konfransında bildirib.

"Ukraynadakı müharibə yaxın aylarda başa çatacaq. Bu mənim şəxsi fikrimdir. Vəssalam: güc yoxdur, resurs yoxdur, hamı yorulub", - Belarus lideri deyib.

A.Lukaşenko həmçinin hesab edir ki, münaqişənin daha da gərginləşməsi üçüncü dünya müharibəsinə gətirib çıxara bilər:

"Əgər biz dayanmasaq, eskalasiya yolu ilə getsək, mütləq üçüncü dünya müharibəsinə gəlib çıxacağıq. Bunun nə ilə bitəcəyini artıq böyük siyasətçilər də ucadan deyirlər. Okeanın o tayında isə nüvə zərbəsindən gizlənə bilməzsən".