Bu ay Azərbaycan və Ermənistan liderləri Moskvada görüşə bilər


Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır

  "Rusiya Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilməsi üçün yardım göstərməyə hazırdır". Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Xatırladaq ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyev Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Belçikanın paytaxtı Brüsseldə keçirilməsi planlaşdırılan görüş Ermənistan tərəfinin Fransa Prezidenti Emmanuel Makronun da iştirakında təkid etməsindən sonra baş tutmamışdı. Ermənistan parlamentinin sədri Alen Semonyan görüş üçün məkan barədə təkcə Brüssellə məhdudlaşmadığını bildirmişdi. 
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Şərq"ə bildirib ki, Rusiya Prezidenti V.Putinin məqsədi vasitəçilikdə Brüsseli qabaqlamaqdır. Analitikə görə, il ərzində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə 4 görüş keçirilib: "5-ci görüş noyabrda nəzərdə tutulmuşdu, olmadı, dekabra təxirə salındı. Ancaq Paşinyanın “görüşdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etsin” tələbi Brüssel görüşünü sual altına qoyub. Bundan istifadə edən Kreml təşəbbüsü ələ almağa çalışır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya dəvət edilməsinin səbəblərindən biri də bu idi. Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında Azərbaycan və Ermənistan liderlərinin ilin sonuna qədər görüşə biləcəyini istisna etmədiyini söylədi. Ancaq məkan göstərmədi. Lavrovun Bayramovla görüşünün ardından Kreml məkan yerini göstərdi: “Görüş Rusiyada keçirilsin”. Rusiya ərazisindəki görüş və müzakirələr heç vaxt Azərbaycanın xeyrinə olmayıb.