“Bu, Qarabağı məsələsinin gündəmdən çıxması və Zəngəzur vasitəsilə bütün türk dünyasının birləşməsi deməkdir”
Dünən Prezident İlham Əliyev Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü haqqında mühüm tarixi qərara imza atdı. Ölkə başçısı Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında mühüm fərman imzaladı. Bu fərmanla Respublikamızın 14 iqtisadi rayonunun bölgüsü təsdiq olundu.
Kifayət qədər mühüm məqam bu idi ki, ölkə başçısının bu fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradıldı. Şərqi Zəngəzur rayonunun yaradılması həm də tarixi ədalətin bərqərar olduğunu göstərir. “Şərqi Zəngəzur” adı Zəngəzurun qərb bölgələrinin də Azərbaycan torpaqları olmasına aşkar mesajdır.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəylinin “Sherg.az”a açıqlamasına görə, uzun müddət idi ki, Zəngəzur məsələsi gündəmə gəlirdi, amma siyasi ədəbiyyata daxil olmazdan qabaq onun hüquqi bazası yaradılmalı idi:
“Prezidentin dünənki Fərmanı isə bir neçə mətləbi ortaya qoydu. Birincisi, ölkədə iqtisadi rayonlaşmanın sayı artdı. Çox güman ki, artıq rayonlaşma sistemindən iqtisadi rayonlaşmaya keçiriləcək. Bu yaxınlarda idarəetmənin icra hakimiyyətləri formasından bələdiyyələr forması tətbiqinə dönəcəyi istisna deyil. Seçkili bələdiyyə orqanları fəaliyyətə başlayacaq. İkincisi, ümumiyyətlə, Zəngəzur adının hüquqi ədəbiyyata daxil edilməsi lazım idi. Bu, baş tutdu. Üçüncüsü, adın Şərqi Zəngəzur adlandırılması həm də Qərbi Zəngəzur məsələsini meydana gətirmiş oldu. Qərbi Zəngəzur da tarix baxımdan Azərbaycan torpaqlarıdır.
10 noyabr 2020-ci il razılaşmasına əsasən Zəngəzurdan kommunikasiya xəttinin çəkilməsi nəzərdə tutulur. Növbəti nüans onda ibarətdir ki, Azərbaycanın Qarabağ iqtisadi vilayəti içərisində mövcud olan Xocalı, Xankəndi və Ağdərə istiqamətlərində Azərbaycan vətəndaşı olan ermənilər qalmışdı və müəyyən problemlər yaradırdılar. Sözügedən fərman bu məsələni birdəfəlik həll etdi və inzibati ərazi vahidlərinin sırf Azərbaycanın daxili məsələsi və ölkəmizin suverenliyi altında olduğunu da təsdiq etdi”.
Ə.Əlibəylinin sözlərinə görə, Şərqi Zəngəzurla bağlı ayrıca bir iqtisadi rayonun yaradılması ondan xəbər verir ki, Azərbaycan bütövlükdə bölgənin əsas gücünü hərbi diqtə ilə həll etdi və məsələnin iqtisadi tərəfi qaldı:
“Ən güclü siyasət iqtisadiyyatla baş verir. Məhz iqtisadi rayonların yaradılması, bu bölgələrin iqtisadi rayonlara daxil edilməsi Azərbaycanın investisiya gücünün mövcudluğu, bölgələrin inkişafı ilə bağlı başqa qüvvələrdən daha artıq maliyyə resurlarının olması dövlətimizin qüdrətli olduğu anlamına gəlir.
Yəni iqtisadi rayonlaşma həm ölkənin bütövlüyünü həll edəcək, həm o bölgəyə yaxın olan ermənilərin bu rifahdan faydalanmasına şərait yaradacaq, həm də Zəngəzur məsələsi Azərbaycanın gündəliyinə daxil ediləcək.
Bu, Qarabağı məsələsinin gündəmdən çıxması və Zəngəzur vasitəsilə bütün türk dünyasının birləşməsi deməkdir”.