1973-cü ildə İstanbul boğazında balıqçıların tapdığı çuval Türkiyənin ən çox müzakirə olunan cinayətlərindən birini üzə çıxarıb. Çuvaldan tapılan qadın meyitinin bir neçə gün əvvəl qızı ilə birlikdə itkin düşən Nuriye xanıma aid olduğu müəyyənləşib.
Sherg.az xəbər verir ki, bu barədə “Habertürk” nəşrində jurnalist Mustafa Şekeroğlunun hazırladığı araşdırma yazısında məlumat verilib.
Hadisə 1973-cü il yanvarın 8-də İstanbulun Sarıyer rayonunun Kireçburnu sahillərində baş verib. Balıqçıların sudan çıxardığı ağzı bağlı çuvalın içərisində qadın meyiti aşkarlanıb. Məhkəmə-tibbi ekspertizası qadının boğularaq öldürüldüyünü, daha sonra çuvala qoyularaq dənizə atıldığını müəyyən edib.
İlkin mərhələdə meyitin kimliyini müəyyənləşdirmək çətin olub. Lakin qadının bədənində əvvəllər keçirdiyi əməliyyatdan qalan izin itkin düşmüş 67 yaşlı Nuriye xanımın əməliyyat izi ilə üst-üstə düşməsi onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verib.
Araşdırma zamanı Nuriye xanımın qızı Meyla xanımın da itkin düşdüyü məlum olub. Ana və qız Suriyalı əsilli, dövrün İstanbulun imkanlı və tanınmış ailələri arasında yer alan şəxslər olub.
İtkin xalça istintaqın istiqamətini dəyişdi
Cinayət işi üzrə araşdırma aparan polis əməkdaşları ana və qızın yaşadığı Beyoğlu rayonundakı mənzildə qiymətli əşyaların, xüsusilə antik xalçaların yoxa çıxdığını müəyyən ediblər. İstintaqçılar xalçaların satıla biləcəyi ehtimalı ilə antikvar mağazalarını araşdırmağa başlayıblar.
İtkin xalçalardan birinin izinə düşülməsi şübhəlilərin müəyyənləşdirilməsində mühüm rol oynayıb. Xalçanı satan şəxsin təsviri polisə Meyla xanımı təxminən iki ildir tanıyan, Kapalıçarşıda antikvar mağazasında çalışan Yalçın adlı şəxsin üzərinə şübhələri cəmləşdirməyə imkan verib.
Digər mühüm ipucu isə yaşıl rəngli, 1965-ci il istehsalı “Chevrolet” markalı avtomobil olub. Şahidlər avtomobili ana və qızın yaşadığı binanın yaxınlığında görüblər. Araşdırma nəticəsində avtomobilin kirayə götürüldüyü və itkin düşmə hadisəsinin baş verdiyi günlərdə Yalçının istifadəsində olduğu üzə çıxıb.
Cinayətin arxasından borc və tamah çıxdı
Nuriye xanımın meyitinin tapılmasından 12 gün sonra, 20 yanvar 1973-cü ildə Yalçın və onun qaynı Enver saxlanılıblar. Nəşrin məlumatına görə, hər iki şübhəli dindirilmə zamanı cinayəti etiraf edib.
İstintaq materiallarında göstərilib ki, maddi çətinlik yaşayan Yalçın borclarını ödəmək üçün ana və qızın evindəki qiymətli xalçaları ələ keçirməyi planlaşdırıb. O, bu məqsədlə qaynı Enverlə əlbir olub.
Yalçın əvvəlcə Nuriye xanımı kürklərinin satılması bəhanəsi ilə evdən çıxarıb və onu Bakırköydəki mənzilinə aparıb. Orada iki şəxs qadını döyərək və boğaraq öldürüblər. Meyitin çuvala və daha sonra çamadana yerləşdirildiyi bildirilir.
Daha sonra şübhəlilər Ayazpaşadakı mənzilə qayıdıblar. Anasının harada olduğunu soruşan Meyla xanım Yalçının cavablarından şübhələnib. Bundan sonra onu da boğaraq öldürüblər.
Şübhəlilər hər iki meyiti çuvallara yerləşdirərək İstanbul boğazına aparıb dənizə atıblar. Onlar hadisədən sonra mənzildəki qiymətli xalçaları da götürüblər.
Qətllərdən biri tam açılmadı
Polis Yalçının Bakırköydəki mənzilində qan izləri olan xalça aşkarlayıb. Bu, Nuriye xanımın həmin evdə öldürülməsi ilə bağlı istintaq materialları üçün mühüm sübut hesab edilib.
Şübhəlilər məhkəməyə göndərilərək həbs olunublar. Lakin araşdırmanın mühüm suallarından biri cavabsız qalıb: Nuriye xanımın qızı Meyla xanımın meyiti tapılmayıb.
Boğazda dalğıcların da iştirak etdiyi axtarışlar aparılsa da, nəticə əldə olunmayıb. Ana və qızın qətli 1973-cü ildə İstanbulda geniş rezonans doğuran cinayət hadisələrindən biri kimi yadda qalıb.