Bu kənddə hər kəs eyni soyadı daşıyır
Yusif Nəzərli
23:38 05.11.2022
Aktual
543
Burada fərqli soyada malik yalnız kəndin imamı olub
Türkiyənin Siirt bölgəsi, Kurtalan əyalətinin Aksöyüt kəndində bütün sakinlər – böyükdən kiçiyə, yaşlıdan qocaya eyni soyadı - Yeşilyurt soyadını daşıyır. Kənddə fərqli soyada malik yalnız kəndin imamı olub. Mehmet Şafi Sevcan 26 il bu kənddə imamlıq edib. Lakin onun iş yerini dəyişərək Ballıqaya kəndinə imam təyin ediblər. Əvvəlki imamın yerinə isə Aksöyüt kənd sakinlərinin qohumu, 13 il Şanlıurfada imamlıq etmiş Akif Yeşilyurt təyin edilib deyə, artıq bu fərq də aradan qalxıb. Hazırda kənddə imam da başqa olmaqla 7-dən 77-yə hər kəsin soyadı Yeşilyurtdur. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, 740 sakini olan kənddə 100 ev var. Necə olub ki, bir kənddə hər kəs Yeşilyurt soyadını daşıyır? Kəndin muxtarı Emrullah Yeşilyurt deyib ki, 140 il öncə babaları burada məskən salıb, yurd qurub. Babaları 4 qardaş imiş. 4 qardaşın törəmələri zamanla artıb-çoxalıb, kəndin camaatını təşkil edib. Ona görə də bu kənddəki bütün ailələr eyni soyadı daşıyır. Fərqli soyadlar bir də kənd məktəbində var – onlar müəllimlərdir. Müəllimlər kəndə müxtəlif bölgələrdən təyin edilir deyə, fərqli soyadların daşıyıcılarıdır. Lakin onlar kənd sakini hesab edilmir. Müəllimlərin işi isə xeyli çətindir. Şagirdləri sıra sayıyla bir-birindən fərqləndirirlər. Məsələn, Muhəmməd I, Muhəmməd II… və sair. Kəndin imamı Akif Yeşilyurt da kəndə təyin edilməsinə sevindiyini deyib: “Allah qismət elədi, doğma kəndə qayıtdım, burada çalışmağa başladım. Kənd camaatının hamısı bir-biriylə qohum-əqrəbadır. Kənddə yad adam yoxdur. Axşam məsciddən evə qayıtdıqda uşaqlar hardadır, narahat olmuram. Bilirəm ki, ya qardaşımın, ya əmimin evindədirlər”. Kənd sakini Mehmet Yeşilyurt hər kəsin eyni soyada malik olmasının bəzən məzəli hallar yaratdığını söyləyib: “Müəllim bir şagirdin adını çəkir, ikisi, üçü birdən ayağa qalxır. Çox zaman şagirdləri soyadlarıyla deyil, ata adıyla çağırırlar. Qarışıqlıq olmasın deyə. Bankda, dövlət idarələrində isə bu durum qarışıqlığa səbəb olur. Məsələn, “yaşıl kart” üçün idarəyə getdim, baxdım ki, əmim oğluyla məni qarışıq salıblar. Sonra idarədən özləri kəndə gəldilər, “yaşıl kart”ımı gətirən adam atamın, babamın adını soruşdu. Atamın adı Abdullahdır. Baxdı ki, ata adı Abdullah olan bir başqası da var. Sonra babamın adını soruşdu, şükür ki, babalarımızın adı fərqli imiş. Yoxsa mənə “yaşıl kart” verməyəcəkdilər, adaşımın adına əmlak varmış. Başqa bir hadisə də olub. Qohumumuz İshak Yeşilyurt cərimə ödəyib, məlum olub ki, pulu o ödəsə də, başqasının borcu silinib. Bank kartlarımız da bəzən dəyişik düşür. Belə qarışıqlıqlar olur zaman-zaman. Amma kəndimizin bu halı da gözəldir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan bir milyon dollarlıq mükafat vədi
06:06 27.10.2026
Gündəm
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə