"Dərin islahatlar yeni şərtlər formalaşdırır"
Hikmət Babaoğlu: “Prezidentin tapşırıqları bütün məmurlar üçün bir fəaliyyət istiqaməti olmalıdır”
“Prezident İlham Əliyev icra başçısı vəzifəsinə yeni təyinatlar zamanı etdiyi çıxışında idarəetmədə müasir məqsəd və vəzifələrin nədən ibarət olduğunu izah edərkən üç mühüm prinsip üzərində dayandı”. Bu barədə “Şərq”ə millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, bunlardan birincisi idarəetməni həyata keçirərkən vətəndaşın rəğbətinin qazanılması, yəni vətəndaş məmnunluğudur. İkincisi, hər bir məmurun xalqın xidmətçisi olması, üçüncüsü isə vəzifənin yüksək imtiyaz deyil, yüksək məsuliyyət olması ilə bağlı idi: “Əslində bu üç prinsip müasir məmur obrazının fəaliyyət kodeksi kimi də səciyyələndirilə bilər.
Doğrudan da təkcə bu üç mühüm keyfiyyətə sahib olmaq, ya da bu üç prinsip əsasında fəaliyyət qurmaqla müasir idarəetmədə ən yaxşı nəticələr əldə etmək mümkündür. Elə Azərbaycan cəmiyyətinin də məmurlardan gözləntisi yuxarıda göstərilən prinsiplərdən irəli gələn vəzifələrin icra edilməsi ilə bağlıdır. Çox təəssüf ki, biz hələ də bəzi hallarda vəzifəni məsuliyyət kimi yox, xüsusi imtiyaz kimi dərk edən və vəzifə səlahiyyətlərini öz maraqlarını həyata keçirmək üçün vasitə kimi görən məmurlarla da rastlaşırıq. Eyni zamanda həm də onun şahidi oluruq ki, bu tip məmurlar tutduqları vəzifədən asılı olmayaraq, qanunlar qarşısında cavab verməli olurlar. Bu isə nəticə etibarilə həm məmurların şəxsi faciəsinə, həm də ictimai etimadın zədələnməsinə, məmura, yaxud dövlət səlahiyyətlisinə qarşı inamsızlığa gətirib çıxarır. Nəticədə isə uduzan bütün tərəflər olur”.
H.Babaoğluna görə, Prezident İlham Əliyevin tapşırıqları təkcə yeni təyin olunan icra başçıları üçün deyil, bütün məmurlar üçün bir fəaliyyət istiqaməti təşkil etməlidir:
“Prezident eyni zamanda hazırkı yeni çağırışlar kontekstində rayonlarımızda iş yerlərinin yaradılması, işgüzar mühitin formalaşdırılması, sahibkarların fəaliyyətinin və onların təşəbbüslərinin dəstəklənməsinin də vacib olduğunu vurğuladı. Bu istiqamətdə mühüm addımların atılmalı olduğunun zərurətindən danışdı. Ölkəmizdə həyata keçirilən dərin islahatların yeni şərtlər formalaşdırdığını və bu imkanların yaratdığı yeni fürsətlərin lazımınca qiymətləndirilməsinin vacibliyini qeyd etdi. Bütün bunlar isə məmur ordusu qarşısında necə böyük vəzifələrin dayandığı və onların uğurlu həllinin isə sosial-iqtisadi inkişafımıza necə böyük töhfələr verə biləcəyini göstərmiş oldu. Şübhəsiz, bütün bunlar milli inkişafımızın yeni mərhələsi üçün də əsas prioritetləri təşkil edən istiqamətlərdir".