
Diasporamız erməni lobbisinə cavab verməlidir
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi; Ermənipərəstlərə cavab vermək tək Hikmət Hacıyevin işi olmamalıdır
Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, eləcə də erməni diasporunun və onları dəstəkləyən qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasətin qarşısının alınmasında xaricdə yaşayan azərbaycanlıların xidməti danılmazdır. Xüsusən, 44 günlük müharibə zamanı həmvətənlərimiz yaşadıqları müxtəlif ölkələrdə yüksək səviyyədə təşkilatlanmanın önəmini daha yaxşı dərk etdilər. Azərbaycan diaspora təşkilatlarının tərkib hissəsinə çevrilən həmvətənlərimiz xalqımıza, qardaş Türkiyəyə qarşı düşmənçilik və əsassız torpaq iddialarının, yalanla yoğrulmuş erməni ideologiyasının ifşa olunmasında ardıcıl və sistemli mübarizə aparmağa başladılar. Diaspor siyasəti dövlətin əsas güclərindən biridir. Diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin siyasi həyatında aktivliyi həm təşkilatlanma səviyyəsi, həm də cəmiyyətlərin siyasi, iqtisadi inkişafı ilə bağlıdır. Dünyada təmsil olunmaq, ölkəni layiqincə təmsil etmək əsas vəzifədir. Azərbaycan diasporu son illər təşkilatlanaraq, xarici ölkələrdə öz mövqelərini möhkəmləndirməkdədir. Ancaq bu proses heç vaxt dayanmamalıdır. Yeni çağırışlara, dünyada baş verən proseslərə daim uyğunlaşmalıdır. Nəzərə alaq ki, müharibədən sonra Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ başlayıb. Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşmaq zərurəti yaranıb. Xüsusən son dönəmlər yaşananlar, Laçın yolu ətrafında baş verənlər, Ermənistanın TIR şousu və Qarabağdakı separatçıların aktivliyi vəziyyəti daha da gərginləşdirib. Ələlxüsus, erməni lobbisi Azərbaycana qarşı kampaniyanı genişləndirib. Son günlər Qərb ölkələrində Azərbaycan əleyhinə açıqlama və məqalələrin sayı artmaqdadır. Təbii ki, Ermənistan hökuməti, Qarabağ separatçıları və erməni lobbisi ilə həmfikir olanların öz ölkələrində Azərbaycan əleyhinə ictimai rəy formalaşdırmasına seyrçi qalmaq olmaz. Prezidentin köməkçisi Hikmət Hacıyev az qala hər gün Qərbdə kiminsə açıqlamasına və məqaləsinə cavab vermək məcburiyyətindədir. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışmış Luis Moreno Okampo Azərbaycan əleyhinə qərəzli hesabat hazırlayıb. H.Hacıyev bəyan edib ki, vəkil L.M.Okamponun hesabatında əsassız iddialar var: “Bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir və özündə ciddi faktiki, hüquqi səhvləri ehtiva edir”. Prezidentin köməkçisi "Forbes"in müəllifinə də həddini bildirib. Vurğulayıb ki, Evelina Oçabın “Forbes” nəşrindəki məqaləsi reallığı təhrif edib və birtərəflidir: “Siz bir insan haqları müdafiəçisi kimi Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların hüquqları və acınacaqlı vəziyyəti ilə bağlı məsələni heç vaxt qaldırmamısınız. Azərbaycanın mülki əhalisi Ermənistanın mina terrorunun qurbanına çevrilib. Laçın yolu Ermənistan tərəfindən minaların qanunsuz dövriyyəsi üçün istifadə olunub. Amma siz bütün bunlara susqunluqla yanaşdınız. Ermənistanın himayə etdiyi marionet rejim Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini girov saxlayır. İnsan hüquqlarının müdafiəçisi kimi nəcib status neytral, siyasi manipulyasiyalardan uzaq, obyektivlik və ədalətli olmağı tələb edir. Təəssüf edirəm ki, sizin “Forbes”dəki məqalənizdə bunları görmədim”.
Prezidentin köməkçisi ermənipərəstlərə layiqli cavabı verib. Ancaq bu yalnız Hikmət Hacıyevin işi olmamalıdır. Səfirlərimiz, diplomatik nümayəndəliklərimiz, o cümlədən bir çox ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımızın üzərinə böyük öhdəlik, məsuliyyət düşür. Onlar da indiki həssas dövrdə fəallıqlarını artırmalı, çalışdıqları ölkələrin ictimai rəyinə təsir edən yazıları ilə çıxış etməlidirlər. Davamlı olaraq dünya ictimaiyyəti qarşısında haqlı mövqeyimiz izah olunmalıdır. Məqalələr hazırlayıb müxtəlif nəşrlərdə və saytlarda yayımlanmasına çalışmalıdırlar.
Diasporumuzun hazırkı fəaliyyəti ilə bağlı "Sherg.az"a danışan danışan millət vəkili Naqif Həmzəyev təəssüflə bildirib ki, Ermənistan hökuməti və Azərbaycan ərazilərində hələ də yaşamlarını davam etdirən Qarabağdakı separatçılar Azərbaycanla sülhün imzalanmasını istəmirlər. Parlament üzvünün sözlərinə görə, erməni tərəfi sülhün İrəvanın şərtlərinə uyğun reallaşmasını arzulayır:

"Bu məqsədlə də müxtəlif təxribatlara əl atırlar. Sonuncu erməni təxribatı- TIR şousu daha hiyləgərcəsinə hazırlanıb və özünə böyük dəstək tapmağa hesablanıb. Ermənilər Laçın yolu üzərində Azərbaycanın hüquqi çərçivələrə uyğun nəzarətini aradan qaldırmaqla əvvəlki kimi maneəsiz Qarabağa səfərlərini davam etdirmək niyyəti güdürlər. Ancaq Laçın yolu üzərindəki nəzarət-buraxılış məntəqəsi Azərbaycanın suveren hüququdur. Məqsəd separatçı ünsürlərin silah-sursatla təmin olunmasının qarşısını almaqdır. Çünki təhlükə davam etməkdədir və torpaqlarımızdakı qanunsuz silahlı birləşmələr hələ də çıxarılmayıb. Məsələnin digər tərəfi odur ki, Qarabağda yaşayan erməniləri əsarətdə, qorxu və təhdid altında saxlayan separatçılar "ermənilərin müdafiəçisi" kimi çıxış edirlər. Dünya ictimaiyyətinin gözünü boyamaq üçün bir görüntü, fon yaradırlar. Təbii ki, bu prosesi irəliyə doğru aparan önəmli güclərdən biri də erməni lobbisidir. Bizi ən çox təəssüfləndirən məqam ermənilərin yalan və uydurmalarına, şoularına bəzi Qərb ölkələrinin, beynəlxalq təşkilatların və başqa dairələrin açıq dəstək verməsidir. Cənubi Qafqazda sülhün olmasını istəməyən qüvvələr bu prosesi kənardan körükləyirlər".
Parlament üzvü bəyan edib ki, erməni lobbisi anti-Azərbaycan təbliğatında aktiv iştirak edir:
"TIR şousunu mütəmadi olaraq gündəmdə saxlayaraq rəsmi Bakıya təzyiqləri artırmağa çalışırlar. Şübhə yox ki, hər zaman olduğu kimi Azərbaycan dövləti, diasporumuz növbəti erməni təxribatlarının da qarşısını almağa qadirdir. Azərbaycan dövləti və ictimaiyyəti bütün cəbhələrdə Ermənistanla və onların havadarları ilə diplomatik-siyasi savaşını davam etdirir. 3 ilə yaxın müddətdir Ermənistanı sülhə məcburetmə siyasətini uğurla həyata keçirir, qarşı tərəfi fakt qarşısında qoyuruq. 44 günlük müharibənin gedişində Azərbaycan diasporu erməni lobbisinin qarşısını kəsə bildi. Haqsız yerə Azərbaycana yönəlmiş hücumların önündə dayandı. Əlbəttə, bu istiqamətdə cənab Prezident İlham Əliyevin informasiya blokadasının yarılması üçün verdiyi çoxsaylı müsahibələr, mütəmadi bəyanatlar çox mühüm rol oynadı. Düşünürəm ki, indiki dönəmdə də Azərbaycan diasporu və Diaspor Komitəsi prosesdə aktiv yerini mütləq tutmalıdır. Diasporumuz xarici ölkələrdəki səfirliklərimizin koordinasiyası ilə proseslərdə fəal olmalıdır. Türk ölkələrinin və dost dövlətlərin diaspor təşkilatları da bu işdə bizi tək qoymur və daim dəstəkləyir. Çalışmalıyıq ki, erməni lobbisinin Azərbaycana qarşı hücumlarını zərərsizləşdirək. Daxili işlərimizə qarışmaq istəyənlərin qarşısını almalıyıq. Heç kim, xüsusən diasporumuz prosesə seyrçi mövqedən yanaşmamalı və üzərinə düşən öhdəliyi icra etməlidir".