Dilimizdə söz yaranması: Tar, qardaş, tonqal, Qarabağ
İnandırıcı deyil ki, söz yaradan el, yaşıl bağa qara bağ desin. Bu, informasiya əldə edildikdən sonra, onun düşüncədə yoğrularaq sözə çevrilməsinə heç uyğun gəlmir. “Qaradağ”, “qarabulaq”, bəs bu sözlərdə necə, qara boya anlamı oturub? Hə, yoxsa, yox? Bəlkə “qaradağ” da, “qarabağ” da eyni düşüncə qaynaqlı sözlərdir. Bəlkə bu sözlərdə “qara” heç də qara deyil? Doğrudan da, kənd də qara – Qarakənd, bulaq da qara – Qarabulaq? Dağ da qara, bağ da qara? Amma daş – qara, qaş – qara, quş – qara: Qaradaş, Qaraqaş, Qaraquş. Bəlkə bu sonuncuların asanlıqla anlaşılan olması toplum və dil gəlişməsinin bir mərhələsində birincilərdə - Qarabağ, Qaradağ, Qarakənd, Qarayazı, Qarabulaqda da boya ilə eyniləşdirmə nəticəsində anlam çevrilmilməsinə gətirib? Bəs onda, “Qarabağ”ın anlamı nə?
Bu yazıda bir neçə sözün yaranması və daşıdığı anlamdan danışacağıq.
1. Tar. Tar, tarım, tartmaq (dartmaq), taraq (daraq), taramaq (daramaq), taraş (təraş), tarla – Bu nə söz ki, dildə baş alıb gedir, amma deyənlər var ki, çalğı aləti “tar” gəlmə sözdən ad alıb. “Tar” nə deməkdir?
Dənli bitgilər əkilən yerə, niyə görəsə, tarla demirik. Pambıq əkilmiş yeri isə, “tarla” adlandırırıq. Saçı “daraq”la “dara”yırıq. Torpağı da “daraq”la “dara”yırıq. İpi, kəndiri “tarım” çəkirik. Kəndiri “dart”ırıq. Toyuqları, quşları hində “tar”a çıxardırıq. Tarlada da, saçı daradıqda da, hində tarda da, torpağa daraq çəkildikdə də cızıqlar göz önündə. Tar – çoxlu cızıq anlamı verir.
Bilməyənlər üçün deyim ki, hində tar, bu – divara pərçim edilmiş ağacların (ola bilər ki, metalın) üstünə atılaraq bərkidilmiş ağaclar – deməkdir. Quşlar hində tara çıxır (ağacda yatmağı xoşladıqları üçün). Tar çalğı aləti də, dəri üzərinə atılmış xərəyin üstünə çəkilmiş simlərlə yaradılır. Adını da, elə buradan götürüb: tarım çəkilmiş simlər – tar. İpək yolu boyunca – Hindistan, İran və Azərbaycanda bu söz geniş yayılıb və tarla bağlı olan başqa çalğı alətlərinin adında da özünü tapıb: gi-tar, si-tar və b. Sirr deyil ki, ipək yolu boyunca həm də söz (dil) köçurulməsi baş verirdi. İlgilidir, bu gəlışmədə tar, hansı dildən hansı dilə köçürülüb?
“Tar-tar”, “tər-tər”, “tatar” sözlərinin də “tar”in indi söhbət açdığımız anlamı ilə bir bağlılığı varmı? Bu, yuxarıda qoyulmuş sorğuya da aydınlıq gətirə bilər.
2. Qardaş. Biz bacı, qardaş deyirik, osmanlı türkü isə, kız kardeşim, ərkək kardeşim deyir. Biz də, onlar da qarı – karı deyirik, amma heç də həmişə eyni anlamda yox. Biz qocaya, onlarsa kadınına karı deyir. Bız qarışqa, onlar karınca deyir. Biz də, onlar da qar – kar deyirik. Yup-yumru balıq yumurtalarına kürü deyirik. Çaya gur, kür deyirik. Çaya – Kür deyirik. Uşaq kürrük edir, deyirik.
Hər sözdə qar-kar, qarı-karı, kür-küri oturub. Bu sözlərin, deyimlərin anlam birliyi varmı? Anlamı, gəlişmənin daha erkən çağlarında görmə ilə yaranan sözlərdə - balıq kürisi və qarışqa da axtarmaq düz olar. Hər ikisində - çox olan kürə şəkilli daşlar – informasiyası var. Kadına karı dedikdə yəqin ki, kürü daşıyan başa düşülüb. Qız qardaş da, oğlan – erkək qardaşda eyni bir qarının daşlarından – kürülərindən yaranma anlamı verir və elə bu nədən də, onlar – qız da, oğlan da karıdaşlarıdır. Qarıda, küridə çoxluq anlamı çaya gur, kür deməyə, çoxlu sayda davranışlar edən uşağasa – kürrük edir, deyiminə gətirib.
3. Dənlü, dəklü, yoxsa tonqal. Əhmədəli bəy dedi ki, bir osmanlı türkünün göndərdiyi söz boxçasına Füzulinin “Su” qəsidəsindən bir neşə beytlə cavab verdim. Tezliklə belə bir sual gəldi ki, “dəklü” nə deməkdir? Tanıdıqlarımdan soruşdum, dedilər “bucür” deməkdi. Söz gəlib bizə çatdıqda, dedik ki, ərəb əlifbası ilə yazılmış yazıya yaxşı baxın, orada “n” hərfi yoxdur ki? Varsa, ola bilər ki, bu, “gizlin” sözü olsun (dən – tan gizlin, görünməyən anlamı verir). Bu söhbət ona gətirdi ki ... . Füzulinin Azərbaycanda çap edilmiş əsərlərində Su qəsidəsinin birinci beytində yazılıb:
Saçma ey göz, əşkindən könlümdəki odlara su,
Çün, bu dəklü tutuşan odlara etməz çarə su.
Burada “əşk” – göz yaşı deməkdi. Araşdırma göstərdi ki, çapda “dəklü” sözünün “dənlü” və “dənli” variantları da var. Daha sonra aydın oldu ki, orjinalda bu sözdə “n” və ya “k” yazmaq üçün ərəb “kəf”i işlədilib. Həmin beytdə, “Könlüm” sözündə də, hətta “Əkinçi”nin bir sayında “ayının” (məsələn, İyun ayının) sözündə də “n”, “kəf”lə yazılıb. İndi aydın oldu. Dilimizdəki çox köhnə “ŋ” (“nq” və ya “ınk”) səsi yazıda ərəb əlifbasının “kəf”ilə yazılırmış, yazının üzünü köçürən katıbsə onu, özü anladığı məntiqlə, hərdən “n”, hərdən də “k” kimi yazır. Sonda, ayrı-ayrı hallarda dilimizdə anlaşılmaz sözlər ortaya çıxır. Bunu biz “Dədə Qorqud”da da gördük, bu Füzuli əsərlərinə ötəri baxışda da görünür. Belə katib işi ilə, özünün yazdığı kimi, Qəzənfər Paşayev Nəsiminin İraq divanını bizim əlifba ilə yazdıqda da üzləşib. Bütün qaynaqlara qayıdış gərəkdi. Dilin üstə dayansan, yerin, elin üstə də dəngəli dayanarsan.
Füzulinin Su qəsidəsində orjinalda ərəb əlifbası ilə yazılmış “d ŋl” sözü yanlış olaraq katiblər tərəfindən bəzən “dnl” götürülməklə “dənlü” ya da “dənli” kimi yazılıb, bəzən də, “dkl” götürülməklə “dəklü” kimi. Hər iki halda sözün anlamı itirilib. Əslində isə, söz “dnql” və ya “tnkl” kimidir. Bu ki, “tonkal” (tonqal) sözüdür. Əlbəttə, Füzuli “od”u, necəliyi bəlli olmayan “bucür” yox, tonqal kimi tutuşar:
Tökmə ey göz, yaşından könlümdəki odlara su,
Çün, bu tonqal tutuşan odlara etməz çarə su.
Su “don”duqda üstünə örtük çəkildiyi, görünməz olduğu kimi, “dan” yeri söküldükdə hər yan görünən olur. Danışdıqda (tanışdıqda), başqa sözlə, “tan aç”dıqda gizlinliyi açırıq. Tonqalda da görünməzlik (tan, ton) işıqla aradan “qal”xır. “Tan”ın anlamı ilə bağlı “Dilimizin “Tanrı””sına baxın, qısaca deyək ki, o, görünməz deməkdi.
4. Qarabağ. Kürədə xoş bir siyasi həyat yaşasaydıq, bəlkə də heç fərq etməzdi, işlədirik də, Qarabağı - “qara bağ” anlamında. Biz – toplumla siyasi bəxtigətirməzlərin düşməni düz göz önündədir. Onların “fars sözü” deyib “qara bağ” anlamı verdiyi Qarabağı Tomas De Vaal da (sözsüz ki, bəzi bizim sözükeçənlərin yardımı ilə) götürüb dünyaya “Black Garden” – qara bağ kimi yayır. Bu, dünya gözündə, yaradanı bizim toplum olmayan sözə - “Black Garden – Qarabağ”a uyğun coğrafi yerin yiyəsinin də, dolayısıyla, biz deyilik fikrini yaradır. Deməzlər ki, yurd da, söz də özgənin, amma deyirsiniz ki, ... bizimdir. Yer də, yurd da, söz də bizim, yoxsa ...?
Qara, Kara sözü dilimizdə geniş yayılıb və heç də həmişə eyni anlamda işlədilmir. Bəs o, yuxarıdakı sözlərdə hansı anlam daşıyır? Çox uzağa getməyək, osmanlı türkü bu günə kimi saxlayır: karə qoşunları – quru qoşunları. Qara dağ – quru dağ, yağış düşməz. Qara bağ – quru bağ, su görməyən, suvarılmayan bağ. Qara bulaq – quraqlıq yerdə olan su qaynağı. Eləcə də, Qarakənd, Qarayazı. Azərbaycanda heç bir qaralığı olmayan yerlərdə də “Qarabağlar” kəndləri geniş yayılıb. Onlardan bir çoxu, yəqin ki, kənd, tayfa köçü ilə bağlıdır və köçdən-köçə bu sözlərdə, ola bilər ki, ilkin informasiya itmiş olsun. Bu o deməkdirdir ki, təkcə kəndin yerləşdiyi coğrafiyaya görə analiz aparmaq doğru yanaşma deyil.
Qarabağ sözü – quru, suvarılmayan, sugörməz bağ anlamı verir və çox aydın görünür ki, bu söz, Azərbaycan dilində yaranıb. Bizimdir!