Əli Əkbər haqlıdır

İranın hansısa dövlətlə müharibəyə başlamaq imkanı yoxdur

  İran Azərbaycanla müharibəyə hazırlaşmır. Bunu İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti müharibə ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib. O deyib ki, İran inqilabdan sonra 15 qonşu ölkədən heç birinə hücum etməyib: "İran müharibəyə başlamayıb və başlamayacaq”.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Vilayəti haqlıdır. Analitikin sözlərinə görə, Qərbin sərt sanksiyalarıyla və daxildə müxtəlif etnik qrupların tələbləriylə üzləşən, insanların rejimdən narazılıqlarını və etirazlarını artan ölüm cəzaları ilə həll etməyə çalışan, istisadiyyatı sabitləşdirə bilməyən İranın hazırkı vəziyyətdə hansısa dövlətlə müharibəyə başlamaq imkanı yoxdur: "Buna baxmayaraq, bu ağır vəziyyətdə belə İran qonşu ölkələrin daxili işlərinə qarışmaqdan vaz keçmir. İran Suriya, Livan, İraq, Yəmən, o cümlədən Azərbaycanda müxtəlif qrupları maliyyələşdirir. Bəzilərini silahlandırır, şəbəkələr yaradır. Bu, qonşularla müharibə anlamına gəlməsə də, İranın qonşu ölkələrin daxili işlərinə qarışmasıdır. Bu da bölgədə vəziyyətin sabitləşməsinə mane olur".